İordaniya kralı Qəzzanın üzərindən uçaraq  paraşütlə yardım paylayıb- FOTOLAR

İordaniya kralı II Abdullah hərbi forma geyinərək Qəzzaya humanitar yardım əməliyyatında iştirak edib. Hərbi Hava Qüvvələrinə məxsus təyyarə ilə Qəzza üzərindən uçan kral, yardımlarla dolu təyyarədən şəxsən dəstək verib.
Sherg.az xəbər verir ki,  İordaniya kralı uçuşdan əvvəl verdiyi açıqlamada fələstinlilərə yardımın ikiqat artırılmasının lazım olduğunu vurğulayıb.




Abdullah beynəlxalq ictimaiyyətin yardımı artırmaq üçün İsrailə təzyiq göstərməli olduğunu bildirib. Daha sonra tonlarla ərzaq və tibbi ləvazimatlar havadan Qəzza zolağının sahil hissəsinə paraşütlə atılıb.

Qəzza işğalının başlanğıcından bəri fasilələrlə fələstinlilərə hava yardımı çatdıran İordaniya indiyə qədərki ən böyük əməliyyatı təşkil edib.

İordaniya Hərbi Hava Qüvvələri iki gün ardıcıl olaraq havadan yardım ləvazimatlarını atıb. İlk gündə 4 təyyarənin iştirak etdiyi əməliyyat zamanı paraşütlərin bir hissəsi dənizə düşüb. Dünən İordaniyadan 7 ədəd C-130 yük təyyarəsi havaya qalxıb.

Kral Abdullah əməliyyatda şəxsən iştirak edib və yardım fəaliyyətinə nəzarət edib.



Son günlər Misir sərhədindən yardım maşınlarının girişi dayanıb.

İki milyondan çox fələstinli əsas ehtiyacları üçün havadan atılan yardımdan asılı vəziyyətə düşüb.