Dünyanın ən bahalı toyu olacaq! 2500 ayrı-ayrı menyu hazırlanacaq

Hindistanın ən zəngin adamı Mukeş Ambani 28 yaşlı oğlu üçün dünyanın ən bahalı toyunu hazırlayır. 2018-ci ildə qızının toyu üçün 100 milyon dollar xərcləyən Ambaninin Rihanna və illüziyaçı Devid Bleynlə anlaşdığı bildirilir. Bill Qeyts və İvanka Tramp Mukeş Ambaninin oğlu Anant və nişanlısı Radhika Merchantin toy məclisində gözlənilən qonaqlar arasındadır. Toyda qonaqların eyni yeməyi yeməsinin qarşısını almaq üçün 2500 ayrı menyu hazırlanacaq.


 
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Hindistanın ən zəngin ailələrindən biri üçün toy sadəcə toy deyil.

Bu, hətta dünyanın ən zəngin və güclü insanlarını belə göz qamaşdırmaq üçün hazırlanmış bir tamaşadır.

Hindistanın ən varlı adamı Mukeş Ambani gələn ay kiçik oğlu, 28 yaşlı Anant Ambaninin toyu üçün ekstravaqant mərasim keçirməyə hazırlaşır.


 
Hindistanın yerli qəzetləri Anant Ambaninin Hindistanın ən böyük dərman şirkətlərindən biri olan "Encore Healthcare"ni idarə edən işgüzar ailənin qızı 29 yaşlı Radhika Merchant ilə evlənəcəyi toy şənliklərinin təfərrüatlarını paylaşır.

İyulda keçirilməsi gözlənilən toyun tam təfərrüatları hələlik ictimaiyyətə açıqlanmayıb.

Mart ayında baş tutacaq və üç gün davam edəcək toyqabağı şənlik parlaq və ulduzlu bir tədbirə bənzəyəcək.

Toy şənlikləri martın 1-də Ambaninin doğulduğu Qucarat əyalətindəki 3000 hektarlıq bağda üç günlük ziyafətlə başlayacaq.

Bağda 10 milyondan çox ağacın və Asiyanın ən böyük manqo bağının olduğu və Ambani heyvanların xilasetmə və reabilitasiya mərkəzinin də olduğu bildirilir.

Burada həm Hindistandan, həm də dünyanın hər yerindən bəbirlər, pələnglər, şirlər də daxil olmaqla 2000 xilas edilmiş heyvan yaşayır.

Gecədə məşhur müğənni Rihannanın, illüziyaçı Devid Bleynin isə xüsusi şou ilə çıxış edəcəyi gözlənilir.

Mərasimdə qonaq siyahısında hindistanlı milyarderlərdən tutmuş Bollivud məşhurlarına qədər hər kəsin olduğu, Bill Qeyts, Mark Zukerberq və İvanka Trampın da iştirak etməyə hazır olduğu bildirilib.


Qonaqlara eyni yeməyi iki dəfə yeməmələri üçün üç gün ərzində təxminən 2500 ayrı menyunun təqdim edilməsi gözlənilir.

2018-ci ildə Ambani qızına ölkənin indiyə qədər gördüyü ən bahalı toyunu edib, burada Beyonce çıxış edib və qonaqlar İtaliyanın Komo gölündə, eləcə də Mumbay və Racastanda ziyafətlərə qatılıblar.

Ailə toya 100 milyon dollar xərcləyib.

Hindistanda az sayda insan Ambanilər kimi dəbdəbəli toyları ödəyə bilsə də, rəqəmlər Hindistanda toyların getdikcə artdığını göstərir.

İndi Hindistan hər il toylara 75 milyard dollardan çox pul xərcləyir ki, bu da onu ölkənin dördüncü ən böyük sənayesinə çevirir.