Leyləyin sədaqəti: 13 illik dostluq davam edir

Leyləklə Adəm dayının hekayəsi Avstriya və Almaniyada dərsliklərin mövzusuna çevrilib


  Türkiyənin Bursa şəhərinin Karacabey rayonunda hər il qeyri-adi hadisə yaşanır.
 “Sherg.az” Türkiyə mediasına istinadən xəbər verir ki, balıqçı Adəm Yılmazla dostluq hekayəsi ilə milyonların könlünü fəth edən Yaren leylək 13-cü ildir köçdən qayıdır. Yaren leyləyin ötən illərlə müqayisədə bu il yurda daha tez gəlməsi diqqət çəkib.
13 ildir hər ilin yaz aylarında Eskikaraağaç Leylək kəndində yuvasına qovuşan Yaren leylək yayda dostu Adəm Yılmazla birlikdə yenidən göldə görünəcək.
  Yaren leylək ötən il martın 17-də Adəm dayı ilə görüşmüşdü. Bu il erkən köç edən Yaren fevralın 29-da Adəm dayının qayığına qonaraq 13-cü dəfə onu gözləyənlərlə göz-gözə gəlib.
Leylək kəndi, köç dövründə hər il on minlərlə leyləyin keçdiyi köç yolu üzərindədir. Kənd həm də yerli leyləklərin məskənidir.
13 il əvvəl Uluabat gölündə balıq tutarkən qayığına qonan Yaren leyləklə dostluğa başlayan Adəm Yılmazın şahidi olduğu bu əhvalat fotosu çəkildikdən sonra dünyada şöhrət qazanıb.
  Hekayə Yunanıstanda kölgə oyunu kimi göstərildiyi halda, Avstriya və Almaniyada dərsliklərin mövzusuna çevrilib. 2019-cu ildə Burak Doğansoysal tərəfindən çəkilən və Karacabey Bələdiyyəsinin töhfələri ilə hazırlanan "Yaren" adlı sənədli film Praqa Film Mükafatlarından ən yaxşı sənədli film adı ilə geri dönüb.
Ötən il Karacabey Bələdiyyəsi balıqçı Adəm və Yaren leylək heykəlini tikdirərək hekayənin kənd meydanında əbədiləşdirilməsini təmin edib.