Yunanıstanın Ermənistan üzərindən yeni oyunçu kimi ortaya atılması da faydasız olacaq
Ermənistanın sürətlə silahlanaraq aqressiv ritorikasını davam etdirməsi sülh prosesinə təhdid törədir. Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib. Nazir bildirib ki, Ermənistan tərəfindən son dövrlərdə daha intensiv xarakter alan siyasi və hərbi təxribatları, sürətlə silahlanaraq aqressiv ritorikasını davam etdirməsi sülh prosesinə təhdid törədir. Qeyd edək ki, Ermənistan Fransa və Hindistandan sonra Yunanıstanla da hərbi sahədə əməkdaşlığı genişləndirmək qərarına gəlib. İrəvanda səfərdə olan Yunanıstanın müdafiə naziri Nikos Dendiasın erməni həmkarı Suren Papikyanla görüşündə Afinada əldə olunmuş razılaşmalar çərçivəsində görülən işlər müzakirə olunub və bir sıra yeni əməkdaşlıq istiqamətləri müəyyən edilib. Dendias Ermənistan, Yunanıstan, Fransa və Hindistan arasında dördtərəfli əməkdaşlığın mümkünlüyündən də danışıb. Nazir qeyd edib ki, Ermənistan, Yunanıstan və Kipr arasında uğurlu üçtərəfli hərbi əməkdaşlıq yaradılıb: “Ermənistan və Yunanıstanın çox nüfuzlu ortaq dostları ilə - Fransa və Hindistanla üçtərəfli və ya dördtərəfli əməkdaşlıqlar ola bilər”.
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev “Sherg.az”a bildirib ki, Yunanıstanın Fransa-Hindistan-Ermənistan üçlüyünə qoşulmasında qeyri-adi heç nə yoxdur. Professorun sözlərinə görə, Yunanıstan da Fransa və Ermənistan kimi Türk dünyasına qarşıdır:
"İndiki məqamda Yunanıstanın yeni oyunçu kimi ortaya atılması göstərir ki, Fransadan ümidlər üzülüb. Nəzərə alaq ki, bu il Fransada prezident seçkiləridir. Yəni Prezident Emmanuel Makron gedir. Namizədləri analiz edən dairələr növbəti prezidentin ermənilərin əlində oyuncaq olmayacağını görür və indidən Yunanıstanı meydana sürürlər".
C.Nuriyev hesab edir ki, Yunanıstan və Hindistanla hərbi müqavilələrin imzalanması bizim üçün problem deyil:
"Yunanıstan bərbad gündədir, Hindistan da ondan betər vəziyyətdədir. Fransa silahları da effektli sayılmır. Ermənistanın məqsədi silahlanma və s. bəhanələrlə Avropa İttifaqının onlara ayırdığı 6 milyard dollardan çox vəsaiti tezliklə almaqdır. Qərb dövlətlərinin də öz siyasi-iqtisadi maraqları var. Ümumən isə Ermənistanın vaxtı keçmiş və zəif silahlarla silahlanması nəyisə dəyişmək iqtidarında deyil. Azərbaycan Ordusu modern hərbi texnikalarla təchiz olunub və öz arsenalını durmadan inkişaf etdirməkdədir. Yəni Ermənistanın hər hansı təxribata əl atması İrəvanın özü üçün fəlakətə çevriləcək. O zaman aldıqları silahlar da Ermənistanı, Paşinyanı qorumayacaq".