Bayden: Netanyahu İsrailə xeyirdən çox zərər verir

ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahunun Qəzzada HƏMAS-a qarşı müharibəyə yanaşması ilə “İsrailə kömək etməkdənsə, zərər verdiyinə” inandığını bildirib.

Sherg.az xəbər verir ki, ABŞ prezidenti Co Bayden şənbə günü verdiyi müsahibədə İsrailin HƏMAS-a qarşı "mübarizə haqqını" dəstəklədiyini bildirib.

Bayden çıxışında onu da bildirib ki, Netanyahu görülən tədbirlər nəticəsində itirilən günahsız həyatlara daha çox diqqət yetirməli idi.

Qəzzada ölənlərin sayı ilə bağlı ABŞ prezidenti, “Bu, İsrailin müdafiə etdiyi fikrə ziddir. Və məncə, bu, böyük səhvdir" deyib.

Bayden həmçinin, İsrailin 1,3 milyondan çox fələstinlinin sığındığı Qəzza şəhəri Rəfaha qarşı quru əməliyyatının onun üçün "qırmızı xətt" olduğunu, eyni zamanda İsraili müharibədə tək qoymayacağını da bildirib.

Fələstin Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, Qəzzada həyatını itirən mülki vətəndaşların sayı 31 mini keçib.