Fransa "ölməyə yardım" qanununun yolunu açır


Fransa prezidenti Emmanuel Makron, həyatlarına son qoymaq istəyən insanları əhatə edən "ölməyə yardım" adlandırdığı qanunun yolunu açacaqlarını bildirib.
“Sherg.az” xəbər verir ki, Makron “La Croix” və “La Liberation” qəzetlərinə verdiyi müsahibədə “ölməyə yardım” olaraq xarakterizə etdiyi qanun layihəsinin aprel ayında Nazirlər Şurasında müzakirə ediləcəyini açıqlayıb.

Makron hüquqi tənzimləmə üçün "evtanaziya" və ya "yardımlı intihar" sözlərindən istifadə etməyi üstün tutmadığını və vəziyyəti ən yaxşı izah edən anlayışın "ölməyə yardım" olduğunu bildirib.

Qeyd olunub ki, “şəxsiyyətin azadlığını və millətin həmrəyliyini təmin edən” qanun layihəsi hüquq və azadlıq deyil və müəyyən sərt şərtlər altında fərdlərin ölməsinə yardım etmək imkanı yaradacaq.
Makron, tənzimləmənin yalnız sağalmaz xəstəliklərdən əziyyət çəkən, daimi fiziki və ya ruhi ağrıları olan insanları əhatə edəcəyini bildirib.

Tibbi personalın fərdə özünü öldürmək üçün alətlər təqdim etdiyi “yardımlı intihar” və ya həkimin şəxsin tələbi ilə həyatına son qoymaqda fəal rol oynadığı “evtanaziya”  Belçika, Hollandiya, Lüksemburq və İspaniya ölkələrində tətbiq edilir.

Kanada, Kolumbiya, Avstraliya və Yeni Zelandiya da “evtanaziya”nın qanuniləşdirildiyi ölkələr sırasındadır.