Fidan amerikalı həmkarı Blinkenlə münasibətlərdə yeni bir dövr açmağa çalışaraq mövcud problemləri idarə etmək istəyir
Türkiyənin xarici işlər naziri Fidan ABŞ-nin paytaxtı Vaşinqtona iki günlük səfəri zamanı amerikalı həmkarı Antoni Blinken, Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan, Senatın Xarici Əlaqələr və Kəşfiyyat Komitəsinin üzvləri və Milli Kəşfiyyatın direktoru Avril Hayns ilə mühüm görüşlər keçirib. Fidan mətbuata açıqlamasında Türkiyə-ABŞ münasibətlərini dəyərləndirib. Türkiyəli nazir deyib ki, hazırda, xüsusən də bu mərhələdə yenilənmiş psixologiya, daha müsbət gündəm və yeni səhifə açaraq yola davam etmək imkanı var: "Böhranları idarə etmək üçün hər iki ölkənin yaddaşı və refleksləri var. Blinkenlə münasibətlərdə yeni bir dövr açmağa çalışırıq. Hazırda yaşadığımız problemləri idarə etmək, eyni zamanda iki ölkənin istehsal edə biləcəyi ortaq potensial və imkanları reallaşdırmaq vacibdir". Hakan Fidan ABŞ-nin YPG/PKK ilə müvəqqəti başlayan, lakin daimi istiqamətə doğru irəliləyən əməkdaşlığının Türkiyə ilə qarşıdurma riski daşıdığını və bunu həmsöhbətlərinə dediyini bildirib: "Amerika administrasiyasının bu məsələdən necə çıxacağını və hansı addımları atacağını görəcəyik". XİN başçısı Türkiyənin S-400 almasına görə ABŞ-nin birtərəfli qaydada ləğv etdiyi F-35 proqramına da toxunub: “Türkiyə bu mövzuları geniş fikir və açıq şəkildə danışmağa və müzakirə etməyə hər zaman hazırdır. Biz də inanırıq ki, indiki mərhələdə məsələləri müxtəlif rakurslardan müzakirə edə bilərik. Düşünürük ki, Amerika da bu məsələdə açıq fikirli olmalıdır".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın Vaşinqtona son səfərinin nəticələrini müsbət qiymətləndirmək olar. Ekspertin sözlərinə görə, Hakan Fidan demək istəyib ki, iki ölkə arasındakı münasibətlərdə həllini gözləyən problemli mövzular olsa da, dialoqdan və tərəfdaşlıqdan qopmaq olmaz:
"Doğru strategiyadır. ABŞ-nin Suriya ərazisində PKK-nın törəmə təşkilatlarına dəstəyi, Fətullah Gülənin Pensilvaniya ştatından “təşkilatını” idarə etməsi, razılaşmaların əksinə olaraq F-35 təyyarələrinin Türkiyəyə satışının qadağan edilməsi və s. problemlər mövcuddur. Elə buna görə də Fidan amerikalı həmkarı Blinkenlə münasibətlərdə yeni bir dövr açmağa çalışaraq mövcud problemləri idarə etmək, eyni zamanda iki ölkənin istehsal edə biləcəyi ortaq potensial və imkanları reallaşdırmaq vacibliyini bildirib.
Amerikanın dünya proseslərinə təsiri azalsa da, supergüc olaraq qalır. Bu dövlətlə müxtəlif mövzularda razılaşmamaq olar. Ancaq Vaşinqtonla bütün körpüləri yandırmaq doğru deyil. Azərbaycanın da ABŞ-nin siyasətindən haqlı narazılıqları var. Buna baxmayaraq, Bakı ilə Vaşinqton arasında dialoq davam edir, enerji və təhlükəsizlik sahəsində ortaq maraqlar var".