ABŞ administrasiyası 2025-ci maliyyə ilində Ermənistana 52 milyon dollar yardım göstərməyi təklif edir.
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat verib.
2025-ci maliyyə ili üçün büdcə layihəsində deyilir:
“Ukraynanı dəstəkləyin, Rusiyanın strateji uğursuzluğunu təmin edin”.
Ermənistanın “iqtisadi və demokratik sabitliyi və Qərblə əlaqələrini gücləndirmək üçün” İrəvana maliyyə dəstəyinin veriləcəyi də qeyd olunur.
Millerin fikirlərinə münasibət bildirən politoloq Turan Rzayev “Sherg.az”a söyləyib ki, Amerika Birləşmiş Ştatlarının Ermənistana 52 milyon dollar yardım göstərməsi bu ölkənin Cənubi Qafqaz siyasətilə bağlı nüanslarını bir daha ortaya qoyur:
“Yardımın göstərilməsinə səbəb olaraq ağıla gələn ilk fikir Azərbaycana qarşı hansısa addımın atılmasıdır. Amma burada əsas hədəf Rusiyadır. ABŞ tərəfindən Rusiyanın təsirindən çıxmaq istəyən Ermənistana müəyyən nəfəslik yaradılır. Qeyd olunan məbləğ bir ölkə üçün ciddi vəsait deyil. Sadəcə olaraq Ermənistanın valyutası ilə müqayisədə ayrılacaq yardım mühüm əhəmiyyət kəsb edir. ABŞ və Qərbin Ukraynaya dəstəyi real nəticələr vermir. Bunu başa düşən Qərb və Amerika isə alternativ cəbhə açmaq istəyir. Yəni Ukraynaya edilən yardımların boşa getməməsi üçün Ermənistanın Rusiyaya baş qaldırmasına çalışırlar. Rusiyanın Ermənistanı tərk etməsi də hazırda başlıca prioritetdir”.