Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə dialoq formatının perspektivini görmür.
Bu barədəVolodimir Zelenski “Le Monde” və BFM TV-yə müsahibəsində Rusiyanın artıq Odessa limanında Ukrayna ilə həyata keçirmək istədiyi “dialoq formatı”nı nümayiş etdirdiyini söyləyib.
Ukrayna Prezidenti vurğulayıb ki, əgər fasilə olarsa, bu, Rusiyaya hazırlaşmaq imkanı verəcək və növbəti “Minsk” formatı olacaq.
“Bu dəfə Rusiya Ukraynanın tam işğalı ilə gələcək, lakin Putin daha əvvəldə etdiyi səhvləri etməyəcək”, - deyə Zelenski bildirib.
Onun sözlərinə görə, təkcə “Normand” formatında deyil, Minsk prosesində müxtəlif səviyyələrdə 200-ə yaxın danışıqlar olub. “Bu fasilə Putin üçün oksigen kimidir. Bu pauza sülh danışıqları deyil, nəfəs almaqdır” - deyə Ukrayna Prezidenti vurğulayıb.
Məsələ ilə bağlı “Sherg.az”a danışan tanınmış jurnalist, politoloq Fuad Abbasov vurğulayıb ki, Ukrayna Prezdenti tərəfindən Rusiya hökuməti ilə danışıqlara gedilməsini qadağan edən qanun qəbul edilib:
“Zelenski istəsə belə, özünün imzaladığı qanun qarşısında cavabdehlik daşımamaq üçün Rusiya ilə hansısa danışığa getməyəcək. Hətta bu qanunun maddələrini həmişə sitat gətirən Rusiya Prezidenti Vladimir Putin Ukraynanın onlarla sülh istəmədiyini bəyan edir. Bununla da dünya ictimaiyyətinə təsir göstərməyə çalışır ki, Rusiya sülh istəyir, amma Ukrayna qəbul etdiyi qanunla sülhə mane olur. Digər tərəfdən həqiqətən də Minsk və başqa meydanlarda baş tutan görüşlər nəticəsində Rusiya və Ukrayna tərəfləri heç bir razılığa gəlmədi. Amerikada Prezdent seçkiləri olacaq. Əgər Tramp hakimiyyətə gəlsə, fərqli siyasət sərgiləyərək Ukrayna savaşında dönüş nöqtəsi yarada bilər. Yəni müxtəlif faktorlar var ki, Zelenskini öz imzaladığı qanuna zid olaraq Rusiya ilə danışıqlara aparsın. Belə olan halda da Zelenski parlamentə müraciət edərək Rusiya ilə danışıqlara getməyə qadağa qoyduğu qanunu ləğv etməyi istəyəcək”.