Qonaqlara viruslu yemək bişirdi

Məşhur aşpaz məhkəmə qarşısına çıxarılıb

  İtaliyalı məşhur aşpaz, dünyada “şirin su şefi” adıyla tanınan Marco Sacco məhkəmənin qərarı ilə 2 ay 20 gün həbs cəzasına məhkum edilib. Onunla birlikdə restoran müdiri Raffaello Marchetti də eyni cəzanı alıb. Məşhur şef və restoran müdirinin cəzalanma səbəbi isə çox qəribədir. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, İtaliyanın şimalındakı Maggiore Gölü sahilindəki Verbaniya restoranında toy mərasimi keçirilib. Toy mərasimi 2021-ci ildə - koronavirus pandemiyasının yavaş-yavaş sönməyə doğru getdiyi zaman keçirilib. Aşpaza 53 qonaq və digər iştirakçılar üçün yemək hazırlamaq sifariş edilib. Sacco da məşhur italyan yeməyi risotto hazırlayıb. Toy baş tutub, yeməklər yeyilib. Toydan sonra isə vəziyyət dəyişib. Qonaqlarda sağlıq problemləri üzə çıxıb. Mədə bulanması, qarın ağrısı, qusma, ishal hallarıyla bağlı həkimə müraciətlər zamanı məlum olub ki, qonaqlar yeməkdən zəhərləniblər. Toyun ertəsi günü cütlük restoran və aşpazdan şikayətçi olublar. Aşpaz Sacco özü də heyrət edib ki, illərdir bişirdiyi yemək necə zəhərlənmə yarada bilər? Səbəb məhkəmə istintaqı zamanı müəyyənləşib. Məlum olub ki, zəhərlənməyə səbəb yeməkdə istifadə edilən ilbizlərdir. Restoran müdirinin Fransadan idxal etdiyi ilbizlər bişirilmə öncəsi novovirusla çirklənib. Bu da qonaqların zəhərlənməsinə səbəb olub. Aşpaz və restoran müdiri həmçinin 20 min avro məbləğində cərimə ediliblər. Təyin edilmiş cərimədə hər bir qonağa 230 avro, yeni evlilərə isə 8 min avro təzminat ödənilməsi qərara alınıb. Aşpaz isə ittihamla razılaşmayaraq “ilbizlər mənim mətbəximə daxil olmadan öncə çirkləndirilib. Bundan tədarükçü məsuliyyət daşımalıdır. Mən ilbizlərin virusa yoluxmuş olmasını haradan biləcəkdim?” söyləyib. Maraqlı burasıdır ki, İtaliyada çiy ilbiz sevilən və tələbat olan qidadır. Lakin bu hay-küylü məhkəmə işindən sonra italyanlar çiy ilbizdən ehtiyatlanmağa başlayıblar. “The Times” qəzetinə müsahibə verən Gambero Rosso Aşpazlıq Akademiyasının koordinator şefi İgles Corelli isə bildirib ki, çiy qidalarla hər zaman ehtiyatlı davranmaq lazımdır. Dəniz məhsullarını 60-65 dərəcədə bişirdikdən sonra yemək məsləhətdir.