İran üzrə xüsusi elçi regionu gəzdi
ABŞ və müttəfiqləri anlayırlar ki, onların mollakratiya ilə qarşıdurmasından Rusiya istifadə edir
ABŞ-nin İran üzrə xüsusi elçisi Abram Peyli Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində diplomat Azərbaycan rəsmiləri, ölkəmizin İrandakı səfiri Əli Əlizadə, habelə ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi və onun israilli həmkarı Corc Diklə görüşüb. Görüşlərdə sanksiyaların tətbiqi və regionla bağlı müzakirələr aparılıb. Amerikalı diplomat Azərbaycandan əvvəl Ermənistan və Gürcüstanda olub. Paley İrəvan və Tbilisiyə səfərində İrana qarşı sanksiyaların saxlanması və molla rejiminin sabitliyi pozan davranışları ilə bağlı məsələləri müzakirə etmək üçün yüksəkvəzifəli rəsmilər və özəl sektorun nümayəndələri ilə görüşdüyünü bildirib. İran üzrə xüsusi komissar Cənubi Qafqaza səfərin konstruktiv atmosferdə keçdiyini söyləyib. ABŞ rəsmisi qeyd edib ki, Vaşinqton regiona müsbət baxışı inkişaf etdirmək üçün tərəfdaşlarımızla işləməyə sadiqdir.
Politoloq Azər Rəşidoğlu "Sherg.az"a açıqlamasında bildirib ki, Qərb İranla dialoq qurmaq istəyir. Ekspertin sözlərinə görə, ABŞ və müttəfiqləri anlayırlar ki, onların mollakratiya ilə qarşıdurmasından Rusiya istifadə edir:
"İran və Rusiya NATO-nu bölgəyə buraxmaq istəmirlər. Lakin onların arasında da qarşıdurma var. Tehranın nüvə proqramı səbəbindən, hətta Rusiya daxil olmaqla, beynəlxalq birlik tərəfindən təzyiqlərə məruz qalması onu Qərblə dialoqda maraqlı tərəfə çevirir. Lakin Tehranın başlıca problemi Qərb və Türkiyənin Cənubi Qafqazda artan nüfuzudur. İran regionda real təsirə malikdir. Tehran son vaxtlar regional nüfuz mübarizəsinə aktiv qoşulub. İlk baxışdan onun mövqeyi Rusiyanın Cənubi Qafqazdan Qərbi sıxışdırma siyasəti ilə üst-üstə düşsə də, əslində, Moskva da vəziyyətdən razı deyil. Əlbəttə ki, İranın regional gücə çevrilərək Qərblə təmaslara girməsi rus diplomatiyasını da narahat edir. Bu, Rusiyanın enerji iqtisadiyyatının ayağını qazır. Nə Rusiya, nə də İran Cənubi Qafqaz siyasətində səmimi görünür. Qərb regiona diqqətini artırmalı və uzunmüddətli sabitlik planları üzərində götür-qoy etməlidir".