Bir sıra nəşrlər ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinə istinadən məlumat yayıb
İran Sistan və Bəlucistan əyalətinin Rask, Çabahar və Sərbaz bölgələrində baş verən silahlı qarşıdurma ilə bağlı rəsmi bəyanat yayıb. İran daxili işlər nazirinin təhlükəsizlik və hüquq-mühafizə məsələləri üzrə müavini Məcid Mirəhmədi silahlı qarşıdurma nəticəsində 5 SEPAH və polis üzvünün öldürüldüyünü, 10-nun yaralandığını deyib. SEPAH-ın Quru Qoşunlarının komandanı Məhəmməd Pakpur isə açıqlamasında “Ceyş əl-Ədl” silahlı qruplaşmasının 15 üzvünün zərərsizləşdirildiyini bildirib. “Ceyş əl-Ədl” təşkilatının bəyanatında isə vurğulanıb ki, 200 hökumət məmuru öldürülüb. İsrail ordusu İrandan gələn hücum təhlükəsi fonunda hava hücumundan müdafiəni gücləndirmək üçün ehtiyatda olan qüvvələrini çağırıb. Vəziyyəti qiymətləndirdikdən sonra ÇAXAL şəxsi heyəti artırmaq və hava hücumundan müdafiə sistemini gücləndirmək üçün ehtiyat qüvvələri cəlb etmək qərarına gəlib. Bir sıra nəşrlər ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinə istinadən yazıb ki, İran Livan və Suriyadakı konsulluq binasına hücuma cavab olaraq, 48 saat ərzində İsrailə cavab zərbələri endirəcək. Kəşfiyyat İranın ilk hücumda İsrailə zərbə endirmək üçün yüzlərlə dron və raketdən istifadə edəcəyini bildirib. Deyilənə görə, hazırda İran ordusu hərbi əməliyyatlara hazırlaşır.
Politoloq Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, ABŞ-nin keçmiş prezidenti Donald Trampın təlimatıyla iranlı general Kasım Süleymani İraqda öldürüldükdə, Tehran bunun intiqamını alacağını vəd etmişdi. Ekspert vurğulayıb ki, intiqam ondan ibarət oldu ki, İran ABŞ-nin İraqdakı boş hərbi bazasına bir neçə raket atdı:
"Tehran İsrailin İranın Suriyadakı konsulluq binasında hava zərbəsi nəticəsində generallarının qətlinə görə yenə intiqam vədi verib. İranın Süleymani nümunəsində olduğu kimi Amerikaya əli çatmadığı kimi birbaşa İsraili hədəf alması da problematikdir. İsrailin hava müdafiə sistemləri İran raketlərini neytrallaşdırmaq gücünə malikdir. Buna baxmayaraq, İran bölgədə nəzarət etdiyi və maliyyələşdirdiyi silahlı qruplar vasitəsilə İsrailə zərər vura bilər. Ayrıca, İsrailin İrana qonşu ölkələrdəki səfirliklərinin hədəf götürülmə ehtimalı artıb. Ancaq bu halda İran həmin səfirliyin yerləşdiyi ölkə ilə münasibətlərini gərginləşdirəcək. Bu amil Tehranı çox da narahat etmir".