Dünya yenidən bölüşdürülür: Yalta sistemi sıradan çıxmağa başlayıb? -TƏHLİL

Son zamanlar dünya gündəmi müharibələrlə silkələnir. Rusiya-Ukranya, İsrail-Həmas, İran-İsrail qarşıdurmaları insanlarda "Üçüncü Dünya müharibəsi"nin başladığı təsəvvürünü yaradır. Bəs həqiqətdə hansı proseslər gedir?
 
Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən siyasi şərhçi, tanınmış jurnalist Fuad Abbasov deyib ki, Rusiya-Ukranya müharibəsi başlayanda bir çox analitik bu hadisəni Üçüncü Dünya müharibəsinin startı kimi şərh etdi:

"Çünki Rusiyanın Şərqi Avropada müharibə başlatması Qərbə meydan oxumaq idi. Müharibədən iki il keçməsinə baxmayaraq tərəflərdən heç biri qələbə qazana bilməyib. Bizə məlumdur ki, İkinci Dünya müharibəsindən 1991-ci ilə kimi dünyada aparıcı dövlətlər ABŞ və SSRİ oldu. SSRİ-nin süqutundan sonra onun mirasçısı Rusiya hələ də dünya siyasətinə yön verən əsas ölkələrdən biridir. Lakin indi dünyada Çin kimi nəhəng dövlət Super güc olmaq uğrunda ABŞ ilə mübarizə aparır. Çin bu gün istər iqtisadi, istər hərbi, istərsə də insan resursları baxımından dünyanın ən güclü ölkələrindən biridir. Analitiklərə görə rəsmi Pekin dünyanın yenidən bölüşdürülməsinin tərəfdarıdır. Biz artıq rahatlıqla deyə bilərik ki, İkinci Dünya müharibəsi nəticəsində formalaşan və indiki ictimai-siyasi prosesləri tənzimləyən Yalta sistemi sıradan çıxmağa başlayıb. Düşünürəm ki, dünya artıq yenidən bölüşdürülür. Bunun yaxın gələcəkdə yüksək texnologiyalı müharibələrə çevrilməsi heç də uzaq deyil".

Yusif Muradxanlı