Rusiyada getdikcə Ermənistana ciddi şəkildə cavab verməyin vacib olduğu baxışı üstünlük təşkil edir
“Qərb Paşinyanın devrilməsi məsələsinə müdaxilə edə bilməyəcək. Ermənistan ordusu, kəşfiyyatı, iqtisadiyyatı onsuz da rusların nəzarətindədir”
Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko senatorlara Ermənistan parlamentinin sədri Alen Simonyanın Rusiya əleyhinə bəyanatları ilə bağlı sorğu hazırlayıb Ermənistan parlamentinə göndərməyi tapşırıb. Matviyenko Simonyanın artıq bütün “qırmızı xətləri” keçdiyini bildirib. Çünki Simonyan Rusiyanın Ukraynaya müdaxiləsindən danışıb və Ermənistanın Ukraynanın, Gürcüstanın, Moldovanın ərazi bütövlüyünü tanıdığını deyib: "Biz bu cür rusofob, anti-Rusiya çıxışı diqqətsiz qoymayacağıq. Mən həmkarıma, Ermənistan parlamentinin sədrinə sual vermək istərdim: o, kimin adından bu cür süjetlər səsləndirib? Təbii ki, Rusiyanın çoxəsrlik dostluğu olan erməni xalqı adından deyil. Ermənistan parlamentinə yazılı sorğu göndərərdim ki, o, kimin adından danışıb və Ermənistan parlamenti bu "sxodka"da səslənən qiymətləri bölüşürmü? Həmkarımız üçün ayıbdır ki, o, artıq bütün “qırmızı xətləri” keçib”.
Rusiya-Ermənistan arasında artan gərginliyi "Sherg.az"a təhlil edən politoloq Azər Rəşidoğlu deyib ki, Rusiyada getdikcə Ermənistana ciddi şəkildə cavab verməyin vacib olduğu baxışı üstünlük təşkil edir. Analitikin sözlərinə görə, indiki şəraitdə Rusiyanın buna imkanları var:
"Bu proses böyük bir zəncirin halqasıdır. Paşinyanın addımları anti-Rusiya tədbirlərinin bir həlqəsinə çevrilir. Artıq Rusiya regionda həyata keçirdiyi siyasətini ünvanlı formada ifadə edir. Kreml Ermənistan ordusu və parlamentdəki Koçaryan və Sarkisyan komandasından ibarət "5-ci kolon”u fəallaşdırmaq istəyir. Kremlin Ermənistandakı dayaqları ABŞ-nin Rusiyaya qarşı planlarının gerçəkləşməsinə əngəl olmaq üçün artıq həlledici fəaliyyətə qədəm qoyurlar. Rusiya bölgədə qarmaqarışığın olmasında maraqlıdır. İnanmıram ki, Moskva asanlıqla Ermənistanı tərk etsin. Rusiya tarix boyu heç bir coğrafiyanı könüllü tərk etməyib. Zənnimcə, prosesə bütöv baxmalıyıq. Gürcüstanda parlamentin "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinin qəbul edilməsinə qarşı kütləvi etiraz aksiyaları davam edir. Qanuna əsasən, qeyri-kommersiya hüquqi şəxsləri və KİV-in gəlirlərinin 20 faizindən çoxu xaricdən gələrsə, onlar "xarici təsirli agent" statusu alacaqlar. Bu şəxslərdən qeydiyyatdan keçmələri tələb olunur, əks halda isə onları cərimə gözləyəcək. Bununla yanaşı, Ədliyyə Nazirliyi həmin şəxslərlə bağlı araşdırma başlada bilər. Belə bir təşəbbüsün qəbul edilməsi Gürcüstanın Avropa İttifaqına yolunu bağlayır. Bu qanuna əsasən "xarici agent" statusu nəinki KİV və qeyri-hökumət təşkilatları, eləcə də digər hüquqi və fiziki şəxslər üçün də nəzərdə tutulub".
Ekspert qeyd edib ki, Ukrayna savaşı fonunda Qara dənizə çıxışı zəifləyən Rusiya donanması üçün daha təhlükəsiz liman axtarır və Abxaziyanın Oçamçira limanında daimi hərbi-dəniz bazası yaratmağı planlaşdırır:
"Bu isə o anlama gəlir ki, Moskva Cənubi Qafqazı tərk etmək fikrində deyil. Bəs onda niyə Azərbaycanı sakitcə tərk edir? Düşünürəm ki, hədəfdə Qərbyönümlü siyasi kurs yürüdən Nikol Paşinyanın devrilməsi və onun Kremlin vassalı ilə əvəz edilməsi planı durur. Əgər Paşinyanı Kremlin nəzarətində olan sima əvəzləyərsə, o, məğlubiyyəti "xəyanətkar Paşinyan"ın üzərinə yıxacaq və Qərblə danışıqları donduracaq. Bu, baş verərsə, Kremlin uduşu aydındır - Qərb Ermənistanda möhkəmlənə bilməyəcək. Yeni hakimiyyət sülh danışıqlarından çıxdığını bəyan edəcək. Bu isə Kremlin əsas uğuru ola bilər - Qərbin təklif etdiyi sülh danışıqları sıradan çıxır və qeyri-müəyyən müddətə qədər sülh danışıqları dondurulur. Yeni hakimiyyət hədiyyə olaraq erməni əhalisinin Qarabağa qayıdışı qarantiyasını alır, lakin bu proses də uzanır və Bakının maraqları nəzərə alınır. Qərb Paşinyanın devrilməsi məsələsinə müdaxilə edə bilməyəcək. Ermənistan ordusu, kəşfiyyatı, iqtisadiyyatı onsuz da rusların nəzarətindədir. Kreml bu müstəvidə Qərbdən bir addım öndədir. Şübhəsiz ki, Rusiya və İrəvan Qarabağın idarəçiliyində iştirak etmək istəyəcək, lakin Bakının müqaviməti ilə üzləşdiyinə görə bu məsələ də dondurulacaq. İkinci variant ondan ibarətdir ki, Rusiya Azərbaycanın Zəngəzur dəhlizinə nəzarəti əlinə götürməsinə şərait yarada bilər. Bu dəhlizin itirilməsi ilə Paşinyan hakimiyyətdə qala bilməyəcək, Kreml isə bu dəhlizlə daşınan yüklərə nəzarət əldə etmək istəyir".