Sülh Fondunun yardım proqramına Ermənistanla yanaşı, Azərbaycan da daxil edilməlidir
Macarıstan bir neçə həftə əvvəl alyans çərçivəsində razılaşdırılmış Avropa İttifaqı Sülh Fondundan Ermənistana 10 milyon avro məbləğində dəstək verilməsi layihəsini bloklayıb. Macarıstan blokun aradan qaldırılması üçün müzakirə olunan proqrama Azərbaycanın da daxil edilməsini tələb edib. Avropa İttifaqının Sülh Fondundan Ermənistana 10 milyon avroluq yardımın ayrılması ilə bağlı ilkin razılıq sənədlərinə görə, bu maliyyə yardımı bir batalyon üçün modul tipli səhra düşərgəsi yaratmağı, bu düşərgəyə bir tibbi yardım klinikası, habelə müvafiq xidmətlər və imkanlar daxil edilməsini nəzərdə tutur. Sənəddə deyilir ki, bu dəstəyin məqsədi Ermənistan silahlı qüvvələrinə onların dayanıqlığını və sabitlik yaratmaq imkanlarını artırmaq və bununla da, böhran və fövqəladə hallar zamanı mülki əhalinin daha yaxşı qorunmasına kömək etməkdir.
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, Avropa İttifaqı Sülh Fondu vasitəsilə Ermənistana yardım qərarını qəbul etsə də, bunu praktik olaraq icra edə bilmir. Ekspertin sözlərinə görə, buna səbəb Ermənistana yardım layihəsinin ittifaq üzvü Macarıstan tərəfindən bloklanmasıdır:
"Rəsmi Budapeştin şərti açıqdır. Sülh Fondunun yardım proqramına Ermənistanla yanaşı, Azərbaycan da daxil edilsin. Aprel ayında Aİ Sülh Fondundan Ermənistana 10 milyon avroluq yardım paketinin ayrılması ilə bağlı qərar verib. 10 milyon avro bir batalyon üçün modul tipli düşərgənin yaradılmasına sərf olunmalıdır. Aİ Ermənistana hərbi yardım vermədiyində israr etsə də, maliyyənin məhz erməni ordusuna sərf edilməsi qərarı rəsmi Bakının narahatlığını və iradlarını haqlı çıxarır. Azərbaycan Brüssel görüşündən öncə bununla bağlı həm Aİ-yə, həm ABŞ-yə narazılığını bildirsə də, Ermənistana yardım qərarı dəyişmədi. İndi Aİ bu qərarla bağlı öz daxilində müxalifətlə üzləşib. Türk Dövlətləri Təşkilatında təmsil olunan Macarıstan artıq bir neçə həftədir Aİ-nin Ermənistana yardım layihəsinin təsdiq edilməsinə veto qoyur".