Növbəti imtahan: “Xarici agent” Gürcüstanı xaosa sürükləyir

Qanun layihəsinin qəbul olunacağı təqdirdə Qərb Tbilisi hökumətinə təzyiqləri artıracaq
 
 
 Gürcüstan parlamentində “xarici agent” statusu ilə bağlı qanun layihəsi müzakirə olunur. Keçmiş sovet məkanında bununla bağlı qanun ilk dəfə 2012-ci ildə Rusiyada “Qeyri-kommersiya təşkilatları haqqında” qanunda meydana çıxıb. Bir müddət sonra Rusiyada “xarici agent” haqqında qanun qəbul olunub. Bununla da ölkə ərazisində demokratiya, insan hüquqları, media azadlığı və başqa bu kimi sahələr üzrə fəaliyyət göstərərək xaricdən maliyyələşən QHT-lər ya bağlanıb, ya da “xarici agent” haqqında qanun tələblərinə uyğun olaraq öhdəliklərə əməl edəcəklərinə razılıq veriblər. Bu qanun vasitəsilə xaricdən qrant alan qeyri-hökumət təşkilatlarının fəaliyyətinə nəzarət edilir. Beynəlxalq ictimaiyyət bunu insan hüquqlarını məhdudlaşdırdığı üçün tənqid edirlər. “Xarici agent” haqqında qanun 1938-ci ildə ABŞ-də qəbul edilib. “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsi aprelin 29-da Gürcüstan parlamentinin Hüquq Komitəsində 10 saatlıq müzakirədən sonra ikinci oxunuşda qəbul edilib. Müxalifət iddia edib ki, bu “Rusiyada qəbul olunan” sənədin eynisidir. Qanun layihəsində illik gəlirin 20 faizi xaricdən gələn qeyri-hökumət təşkilatlarının və KİV-in qeydiyyata alınması, illik bəyannamənin doldurulması tələb olunur. Layihəyə əsasən, onların fəaliyyətinə heç bir məhdudiyyət qoyulmur. ABŞ, Avropa İttifaqı, BMT, NATO, Avropa Şurası və Qərb dövlətlərinin ayrı-ayrı liderləri qanunun qəbul edilməməsi ilə bağlı rəsmi Tbilisiyə müraciət edib. Gürcüstan hakimiyyəti isə onların tənqidini anlaşılmaz adlandıraraq, ABŞ, İsrail və Avstraliyada artıq xaricdən maliyyələşmənin şəffaflığı ilə bağlı qanunların olduğunu, belə qanun layihələrinin Avropa İttifaqında və Fransada nəzərdən keçirildiyini vurğulayıb. “Xarici agentlər” haqqında qanun qəbul edilərsə, Avropa İttifaqının qapıları Gürcüstanın üzünə bağlanacaq kimi fikirlərə milli televiziyaya müsahibəsində münasibət bildirən B.İvanişvili deyib ki, 2030-cu ildə ölkəsi quruma üzv olacaq. O, Qərbi ittiham edərək bildirib ki, 2008-ci ildə Gürcüstanı Rusiyaya qarşı qoyublar: “2014 və 2022-ci illərdə isə Ukraynanı daha pis vəziyyətə saldılar”.
 Ekspertlərə görə, baş verən hadisələr ölkədə Qərblə Rusiyanın maraqlarının mübarizəsinin davam etdiyini deməyə əsas verir. Ötən illər ərzində Qərb Gürcüstana yeni nəsə verə bilməyib. Sabiq prezident Mixail Saakaşvili hələ də həbsdədir. Separatçılar öz “müstəqilliklərini” elan edib və mövcudluqlarını qoruyur, Rusiyanın nüfuz dairəsində yaşayırlar. Rusiya ilə Gürcüstan arasında əlaqələrin kəsilməsi ölkə iqtisadiyyatını bonus və qrantlardan asılı vəziyyətə salıb. Bu isə iqtisadiyyatın inkişafının qarşısını alan səbəblərdəndir.

 Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov "Sherg.az"a bildirib ki, qonşu ölkədə hökumətlə etirazçılar arasında ciddi qarşıdurma yaşanmaqdadır. Ekspertin sözlərinə görə, əslində mövcud konfrantasiya Gürcüstanda uzunmüddətli problemlərin nəticəsi olaraq qarşımıza çıxmaqdadır:

 "Gürcüstan hakimiyyəti uzun müddət xaricdən ölkədəki QHT-lərə və digər təşkilatlara gələn maliyyənin mənbəyi ilə maraqlanmayıb. Daha doğrusu, bu məsələyə ciddi yanaşmayıb. Bu da son nəticədə indiki problemlərin üzə çıxmasına səbəb olub. Gürcüstandakı QHT-lər xaricdən aldıqları maliyyə yardımı hesabına ətraflarına topladıqları qüvvənin dəstəyi ilə "agent haqqında" qanun layihəsinin qəbul olunmasının qarşısını almaq istəyirlər. Şübhə yox ki, baş verənlər, yəni etirazçılarla hökumət arasındakı qarşıdurma Qərb-Gürcüstan münasibətlərinə də təsirsiz ötüşməyəcək. Ən əsası isə Gürcüstan üzərində Qərb-Rusiya qarşıdurmasının kəskinləşməsinə şərait yaradacaq. Mövcud hökumət Bidzina İvanişvilinin kadrlarından təşkil olunub. İvanişvili Qərb ölkələrindən birinin vətəndaşı olsa da, biznesi Rusiyadadır. Prezident Salome Zurabişvili isə birmənalı Qərb tərəfdarıdır. O baxımdan prezidentlə hökumət arasında da gərginlik artmaqda, qarşılıqlı ittihamlar səslənməkdədir. Qanun layihəsinin qəbul olunacağı təqdirdə Qərb Tbilisi hökumətinə təzyiqləri artıracaq. Bu da ümumilikdə qonşu ölkədə və dolayısı ilə regionda gərginliyi çoxaldacaq".