Misir piramidaları necə qurulmuşdu? Sirr çözüldü - FOTOLAR

Misir piramidaları qədim dünyanın möcüzələri hesab olunur və bu gün də elm adamlarını maraqlandırır.

Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Misir piramidalarının sirrinin əhəmiyyətli bir hissəsi bu yaxınlarda açılmış ola bilər.

ABŞ-nin  Şimali Karolina Vilminqton Universitetinin tədqiqatçıları və arxeoloqlarının araşdırmasına görə, Nil çayının çoxdan itirilmiş qolu sayəsində nəhəng tikililər inşaa olunub.


Arxeoloqlar piramidaların tikintisində istifadə olunan daş blokların və tikinti materiallarının yaxınlıqdakı su kanalı vasitəsilə daşınmış ola biləcəyini fərz edirdilər.

Yeni araşdırma o vaxtdan bəri qurumuş və əkin sahələri tərəfindən gizlədilmiş 40 mil uzunluğunda qədim su yolunun mövcudluğunu ortaya çıxarıb.


Komanda təxminən 4200 il əvvəl başlayan böyük quraqlıqla əlaqəli qum çöküntüsünün artmasının bu qolun yoxa çıxmasının səbəblərindən biri olduğunu iddia edir.

Bu kəşf 31 piramidanın, o cümlədən Saharanın bu əlverişsiz hissəsində Giza piramida kompleksinin necə tikildiyini izah edir.

Elm adamları çayın yoxa çıxan qolunun xəritəsini çəkmək üçün peyk şəkilləri, tarixi xəritələr, geofiziki tədqiqatlar və çöküntü karotları (arxeoloqların qalıqları tapmaq üçün istifadə etdiyi üsul) kimi üsullardan istifadə ediblər.

Xəritəçəkmə zamanı aşkar edilən yer o deməkdir ki, piramidalar tikilən zaman çayın qolu vasitəsilə suyun asanlıqla əldə edilməsi mümkün olub.

Tədqiqatçıların fikrincə, bu tikinti materiallarının daşınması üçün vacib ola bilər.

Tədqiqat qrupundan olan doktor Suzanne Onstine BBC-yə bildirib ki, Çay qolunun yerini müəyyən etmək və bölgədə tikinti materialları və işçiləri daşıyan bir su yolunun olduğunu sübut edən məlumatların əldə edilməsi piramidaların necə tikildiyini izah etməyə kömək edir.

Çayın ərəbcə piramida mənasını verən “Əhramat” adı verilən qolunun təxminən 64 kilometr uzunluğunda, 200-700 metr enində olduğu təxmin edilir.

Su yolunun dəqiq yeri təxminən 4700 il əvvəl tikilmiş 31 piramidanın düz sərhədindədir.

Araşdırmaya görə, çayın piramidalara yaxınlığı bu çay qolunun tikinti zamanı “fəal və işlək” olmasını sübut edir.