Paris artıq həqiqətlə üzləşməyin yaratdığı təşviş içindədir
Azadlığa gedən yol açılır, Paris müstəmləkəsinə çevirdiyi xalqların səsini boğa bilməyəcək
Fransanın müstəmləkəsi olan Yeni Kaledoniyada fövqəladə rejimin elan olunduğu, repressiya dalğasının baş qaldırdığı, kanakların kütləvi həbslərinin baş verdiyi, vətəndaşların hüquqlarının məhdudlaşdırıldığı göz önündədir. Arxipelaqda hazırda 1800 fransız polisi və jandarm yerləşdirilib. Etirazları boğmaq cəhdlərinə, polis zorakılığına, kütləvi həbslərə baxmayaraq, Makron hökuməti kanakların mübarizə əzmini daha da körükləyib. Xalq etirazlarını əksər dünya ölkələri, xüsusilə Azərbaycan diqqətlə izləyir. Bu mənada Fransa imperializmindən əziyyət çəkən xalqlara dəstək üçün Bakıda baş tutan görüş və konfransları qeyd etmək lazımdır. Eyni zamanda Bakı Təşəbbüs Qrupu və Fransanın son koloniyalarında müstəqillik uğrunda mübarizə aparan 14 siyasi hərəkatın Yeni Kaledoniyada baş verənlərlə bağlı verdiyi birgə Bəyanat siyasi baxımdan önəmli məna daşıyır. Bakı Təşəbbüs Qrupu və Fransa müstəmləkəçiliyinin qurbanı olan bölgələrin siyasi təmsilçiləri Kanak xalqı ilə tam həmrəyliyini ifadə edib. Fransanı müstəmləkə siyasətini dayandırmağa və Kanak xalqına öz taleyini sərbəst həll etmək hüququ verməyə çağırıb. Bəyanat Yeni Kaledoniya ilə yanaşı, Fransanın istismar etdiyi digər koloniyaların da müstəqillik istədiyini, bu istəyin zor gücü ilə yatırıla bilinməyəcəyini göstərir. Fransanın neokolonializm siyasətinin iflasa uğramasında rəsmi Bakının aktiv, beynəlxalq hüquqa söykənən ədalətli mövqeyi isə Parisdə narahatlıqla qarşılanır. Paris Bakının onun irqçi, neokolonist simasını ifşa etməsini həzm edə bilmir. Fransanın daxili işlər naziri Jerar Darmaninin Yeni Kaledoniyada baş verənlərə görə Azərbaycanın ünvanına absurd iddialar səsləndirməsinə başqa ad vermək olmur. Nazir “France 2” telekanalına müsahibəsində Azərbaycanı Yeni Kaledoniyada iğtişaşlara “müdaxilə etməkdə” və arxipelaqdakı müstəqilik tərəfdarlarının guya Azərbaycanla hansısa “sövdələşməyə” getdiyini iddia edib. Heç bir fakt, dəlil gətirmədən səslənən bu açıqlamalar, əslində, Fransanın həqiqətlə üzləşməyin yaratdığı təşvişin ifadəsi kimi izah oluna bilər. Neokolonial siyasətinin perspektivsizliyini, yerli xalqların hüquq və haqlarını tapdaladığını anlamaq yerinə, rəsmi Paris yerli sakinlərin etirazını kənar dairələrdə axtarır, bununla da, özünü gülünc vəziyyətə salır.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Fransanın daxili işlər naziri Jerald Darmanan tərəfindən ölkəmizin diktatura adlandırılmasına cavab verib. XİN rəsmisi bildirib ki, Fransa tərəfindən Azərbaycana qarşı səslənmiş bu kimi fikirlər tamamilə qəbuledilməzdir və tərəfimizdən qətiyyətlə rədd edilib. O deyib ki, insan hüquqlarının kobud şəkildə pozulduğu, baş verən iğtişaşlar zamanı aksiyaçıların öldürüldüyü, islamafobia və müsəlmanlara qarşı hücum hallarının, eləcə də antisemitizmin geniş yayıldığı Fransadan fərqli olaraq Azərbaycanda fundamental hüquq və azadlıqlar tam olaraq təmin edilir: "Azərbaycan müstəqilliyini bərpa edəndən etibarən daim demokratik dəyərlərə sadiq cəmiyyət kimi formalaşıb və inkişaf edib. Azərbaycan müxtəlif etnik və dini mənsubiyyətə mənsub insanların mehriban və təhlükəsiz şəraitdə yaşadığı ölkədir. Fransa tərəfi bu açıqlamaya görə üzr istəməlidir. Əks təqdirdə, bu, Azərbaycan-Fransa münasibətlərində daha mənfi təsirlərə gətirib çıxaracaqdır". Əlavə olaraq qeyd edək ki, uzun illərdir Fransa hökuməti Yeni Kaledoniyanı müstəmləkəsi kimi əsarətində saxlamaq, habelə adanın yerli sakinləri olan kanakları assimilyasiya etmək üçün kənardan minlərlə miqrantı qanunsuz yolla adaya yerləşdirir. Müstəqillik tərəfdarı olan kanakları azlığa çevirmək və miqrantların hesabına Fransa işğalını davam etdirmək üçün Makron hökuməti Yeni Kaledoniya Konqresinin və xalqının iradəsinə zidd olaraq bu ölkənin seçki qanunvericiliyini dəyişmək qərarına gəlib. Fransa hökuməti miqrantlara səs hüququ verməklə ölkənin əsarətdə saxlanılmasına dair referendumda üstünlük qazanmağa çalışır. Yeni Kaledoniyanın müstəqillik tərəfdarları uzun müddətdir ki, Fransa Hökumətini seçki kütləsinin sayının qanunsuz genişləndirilməsinə dair qanun layihəsinin dayandırılmasına çağırış edirdi. Bu qanun layihəsinin zorla qəbul olunmasının Yeni Kaledoniyada pis nəticələnə biləcəyinə dair dəfələrlə xəbərdarlıq edirdilər. Onlar Fransa hökumətini dialoqa çağırırdılar və Yeni Kaledoniyaya aid qərarların kaledoniyalıların iştirakı olmadan qəbul edilməsini işğalçı zehniyyətin məhsulu adlandırırdılar. Çoxsaylı çağırışlara məhəl qoymayan Fransa hökuməti layihəni artıq Fransa parlamentinin hər iki palatasında zorla qəbul etdirib və hazırda Yeni Kaledoniya xalqının boynundakı ipi tam bağlamaq üçün son addıma hazırlaşır. Hazırda Yeni Kaledoniyada baş verən hadisələr Fransa hökumətinin demokratik yola deyil, zor gücünə üstünlük verməsi və yerli xalqın hüquqlarına hörmət etməməsinin nəticəsidir. Yeni Kaledoniyada baş verən iğtişaşlara cavab olaraq, Fransa hökumətinin ordunu adaya daxil etməsi nəticəsində artıq 10-a yaxın qurban və 200-ə yazın yaralı var. Fransa hökuməti ordunun Yeni Kaledoniyada törətdiyi vəhşilikləri dünya ictimaiyyətindən gizlətmək üçün tiktok sosial şəbəkəsinə çıxışı blok edib. Yeni Kaledoniya xalqı informasiya blokadası tətbiq etmək üçün bütün internetin kəsilə biləcəyindən, ordunun həmin an adada törədə biləcəyi vəhşiliklərdən narahatdır. Lakin Paris öz əməllərini gizlədə bilməyib. BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin ildə bir dəfə təşkil edilən regional tədbirində hazırda iştirak edən Yeni Kaledoniyanın BMT-dəki nümayəndəsi Fransa hökuməti tərəfindən ölkəsində törədilən qırğınlar barədə BMT-nin üzv ölkələrini məlumatlandırıb. Qətlə yetirilənlər arasında gənclərin olduğunu qeyd edib. Şübhəsiz, adanın əsl sahibi olan kanakların fikirlərini dinləmək, onların istəklərinə hörmət etmək, ən əsası kolonial siyasətdən əl çəkmək əvəzinə başqa dövlətləri ittiham etmək riyakarlıqdır. “Azad fransız mediası” küçədə güllələnən kanakları göstərməkdən, yerli əhaliyə qarşı törədilən vəhşilikləri işıqlandırmaqdan imtina edir. Qeyd olunmalıdır ki, kanak xalqının müstəqilliyi uğrunda mübarizə aparan kaledoniyalılar yerli seçkiləri silahla deyil, məhz demokratik yolla keçirilmiş seçkilər vasitəsilə udublar. Görünən odur ki, demokratiya beşiyi kimi özünü təqdim edən Fransa artıq hərbi müdaxiləyə əl atır. Məqsədli şəkildə bura köçürtdüyü öz tərəfdarlarını hakimiyyətə gətizdirmək, aborigen xalqını azlığa salmaq və onlara hərbi dəstək vermək üçün adaya ordunu daxil edib.
Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a açıqlamasında bildirib ki, beynəlxalq təşkilatların və Qərb ölkələrinin bir çox məsələdə olduğu kimi Fransanın Yeni Kaledoniyada keçirdiyi zülm siyasətinə reaksiya verməməsi, bəyanatla çıxış etməməsi ikili standartlardan xəbər verir. Deputatın sözlərinə görə, indiyədək Qərb strukturlarının bir çox məsələdə ədalətsiz yanaşmasının, qeyri-adekvat mövqeyinin şahidi olmuşuq:
"Fransa açıq-aydın Kanak əhalisinə qarşı zorakılıq tətbiq edir, onların öz təbii hüquqlarından istifadə etməsinə imkan vermir. Təəssüflər olsun ki, dünya birliyinin bu məsələdə də susqunluğunu görürük. Fransa insan hüquq və azadlıqlarını qorumaq əvəzinə özü kanakların haqqını görməzdən gəlir. Buna etiraz səsini çıxaran Bakını isə əsassız iddialarla ittiham edir. Azərbaycanı ittiham etmək qəbuledilməzdir və bu, Fransanın qərəzli münasibətinin növbəti təzahürüdür. Baş verənlərdə ən böyük məsuliyyəti Fransa özü daşıyır. Yaxşı olar ki, Paris başqa ölkələri suçlamaq əvəzinə öz daxilindəki nöqsanlara baxsın. Kanaklara və digər müstəmləkə xalqlarına qarşı tətbiq etdiyi zorakılıq siyasətini görsün. Ortada suçlanası, ittiham olunası ölkə varsa, o da Fransadır. Fransa müstəmləkə xalqlarına qarşı həyata keçirdiyi təzyiq siyasətindən nəticə çıxartmalıdır. Xalqlara qarşı təzyiqlərə, onların hüquqlarının pozulması hallarına son qoyulmalıdır".