Onun kilsənin fondunu taladığı, xaricdən külli miqdarda maliyyə dəstəyi aldığı ortaya atılıb
“Keşiş üsyana başçılıq etməklə özünü vətənpərvər, siyasi xadim kimi sırımağa da çalışıb ki, həbs edilsə, bunu törətdiyi cinayətlərlə yox, məhz siyasi fəaliyyəti ilə bağlasın”
Ermənistanda daxili siyasi vəziyyət hələ ki gərgin olaraq qalır. Erməni Apostol Kilsəsinin arxiyepiskpou Baqrat Qalstanyan etiraz aksiyalarını dəstəkləyən vətəndaşların nəzərinə çatdırıb ki, siyasi təşkilatlarla məsləhətləşmələri davam etdirir. O, gənclərlə görüşlər planlaşdırıldığını qeyd edib. Qalstanyan erməniləri hakimiyyətə qarşı etiraz aksiyalarını sönməyə qoymamağa çağırıb. Onun sözlərinə görə, 100-dən çox müəllim də Baş nazir Nikol Paşinyanın istefası tələbinə qoşulub. Yaxın vaxtlarda tibb işçiləri, mədəniyyət xadimləri, daha sonra ehtiyatda olan zabitlərlə görüşlərin keçiriləcəyini vəd edib. Keşiş "tezliklə vacib, əsas mitinqin baş tutacağını” vəd edib. Ermənistanın “Hraparak” nəşri yazıb ki, Baqrat “Hayakve”, “Aprelu Yerkir” nümayəndələri, Suren Surenyants və digər qüvvələrlə görüşüb. Görüşlər İrəvanın mərkəzində, “Yerevan Place” hotelində keçirilib. Baqrat partiya rəsmilərinin nəzərinə çatdırıb ki, uzun müzakirələrdən sonra belə qənaətə gəliblər ki, o, baş nazirliyə namizəd olmalıdır. Çünki hər hansı digər namizəd halında hərəkatın uğursuzluqla nəticələnməsi riski var. Onun görüşünün məqsədi siyasi sahədən ictimai dəstək almaqdır ki, onlar da parlamenti konstitusiyanın ikili vətəndaşların Ermənistan baş nazirliyinə namizəd kimi irəli sürülməsini qadağan edən müddəasını dəyişdirməyə çağırsınlar".
Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan "Sherg.az"a deyib ki, Ermənistanın Azərbaycanla münasibətlərinın normallaşması əsasən Qərb dairələrini narahat edir. Ekspertin sözlərinə görə, Fransa kimi dövlətlər daima müstəmləkəçilik siyasəti yürüdüb bir çox zəif dövlətləri istismar edib sümürüblər:
"Ermənistan kimi dövlətləri də siyasi cəhətdən Türkiyə və Azərbaycana qarşı istifadə ediblər. Ancaq indiki halda sülh müqaviləsi bağlanarsa, Qərbin rıçaqları əldən çıxır. Başqa revanşist qüvvələrin əli ilə Ermənistanda istəklərinə nail ola bilməyən qüvvələr son ümid kimi keşiş Qalstanyanı seçdilər. Lakin şübhə yoxdur ki, Nikol Paşinyan hökumətini hakimiyyətə gətirən qüvvələr və kütlə də buna ciddi müqavimət göstərir. Kanada, Hindistan, Fransa, İran, ABŞ Ermənistanın Azərbaycana təhdid olaraq qalmasını istəyir. Ancaq sülh müqaviləsi olarsa, regionda sabitlik olacaq və xarici maraqların təsiri azalacaq. Bu halda bulanıq suda balıq tutmaq istəyənlərin məramı gerçəkləşməyəcək".
T.İrfanın sözlərinə görə, erməni kilsəsi ilə Nikol Paşinyanın arasında ziddiyyətlər olsa da, hazırda II Qareginin Qalstanyana lazımi dəstək verməməsi sübut edir ki, onlar xaricdəki fərqli qütblərin təmsilçiləridir:
"Şübhə yoxdur ki, Ermənistanda kilsə, ümumiyyətlə, ideoloji siyasi mərkəz olaraq dövlətin bütün revanşist və radikal addımlarının müəllifidir. Ancaq buna rəğmən müəyyən məsələlərdə dövlətlə uzlaşmağı da bacarırlar. Fəqət Qalstanyanın sülh prosesinə maneə yaratmaq cəhdinin Ermənistana xeyir verməyəcəyini, bunun yalnız xarici maraqlara xidmət etdiyini görməmək mümkün deyil və bunu erməni kilsəsi də görür. Odur ki, getdikcə Qalstanyanın özü ifşa olunacaq, onun kilsənin fondunu taladığı, xaricdən külli miqdarda maliyyə dəstəyi aldığı ortaya atılıb. Olsun ki, onun yeyinti və digər cinayət əməllərinə görə həbs edilmək ehtimalı varmış. O həm də, üsyana başçılıq etməklə özünü vətənpərvər, siyasi xadim kimi sırımağa da çalışıb ki, həbs edilsə, bunu törətdiyi cinayətlərlə yox, məhz siyasi fəaliyyəti ilə bağlasın. Qərbdəki havadarları da onun hüquqlarını müdafiə adı altında revanşist dəstəsinə dəstəyi davam etdirsin. Ancaq görünən odur ki, onun planları baş tutmur. Kütlə də onun niyyətini anladı və dəstəkçiləri azaldı. Aksiyaların genişlənəcəyini zənn etmirəm. Əksinə, Qalstanyanın həbs ediləcəyinin labüdlüyünü düşünürəm".