Baş nazir ilk növbədə mövcud normativ hüquqi aktları dəyişdirməlidir
"Ermənistanla delimitasiya və demarkasiya davamlı olacaq, amma İrəvan konstitusiyasını dəyişməzsə, qanunverici aktlarında Azərbaycana qarşı ərazi iddiaları qalarsa, Bakı bütün sərhədlərdə demarkasiyanı həyata keçirməyəcək".
Bunu “Sherg.az”a Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib. Analitik bildirib ki, bu məsələnin gedişatı gələcək proseslərdən asılı olacaq:
"Ermənistanda mövcud konstitusiya dəyişikliyi olmazsa və gələcəkdə hakimiyyət dəyişikliyi baş verərsə, ərazi iddiaları sonlanmayacaq. Revanşist qüvvələr yenə "Böyük Ermənistan" xülyaları ilə öz siyasətlərini davam etdirəcəklər. Bu kontekstdə Ermənistan daxilində baş verən hadisələr də maraqlıdır. Bəzi qüvvələr Cənubi Qafqazda din, kilsə anlayışını ortaya atırlar. İndiyədək bu metoddan ABŞ istifadə edirdi. Müsəlman ölkələrində "islamçı" adlandırılan terrorçu qruplaşmaları aktivləşdirənlər daha sonra onların Yaxın Şərqdə siyasiləşərək hakimiyyətə gətirilməsinə nail oldular. Xristianlıqla bağlı isə bu, bir ilkdir. Ermənistanda da məhz kilsə qabağa verilir. O baxımdan Ermənistanda baş verənlər Paşinyan üçün ciddi sınaqdır. Baş nazir ilk növbədə legitim qaydada etirazların qarşısını almalıdır, daha sonra isə mövcud normativ hüquqi aktları dəyişdirməlidir".
Ekspert vurğulayıb ki, Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması sistemli aparılan işin nəticəsidir:
"Azərbaycan Ordusunun atdığı addımlar Ermənistan rəhbərliyini bu istiqamətdə qorxutdu. Digər istiqamət Qərbi Azərbaycana qayıdış məsələsidir. Cənab Prezidentin ilk dəfə olaraq bu mövzunu qaldırması, konsepsiyanın hazırlanması və sonrakı fəaliyyət ona gətirib çıxardı ki, Ermənistanda və dünya ictimaiyyətində Qarabağ mövzusundan daha çox Zəngəzur məsələsi müzakirə olunmağa başladı. Ermənistan hakimiyyəti nəhayət başa düşdü ki, əgər Qazaxdan başlayaraq sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlamasa, özləri üçün sonrakı arzuolunmaz proseslərin qarşısını ala bilməyəcəklər. Yəni proses Azərbaycanın Ermənistana ciddi şəkildə hərbi-diplomatik müxtəlif təsir imkanlarını işə salması ilə nəticələndi. Ola bilsin, digər istiqamətlərdə də kifayət qədər ciddi şəkildə Azərbaycanın istəkləri qəbul edilib".