Qəzzada humanitar faciə: Təmiz su üçün saatlarla növbə gözləyirlər

İsrailin 7 oktyabr 2023-cü ildən Qəzzaya hücumları 229-cu gündür davam edir. Hücumlardan sonra Qəzza zolağında su və kanalizasiya qurğularının təxminən 70 faizi istismardan çıxıb. Qəzza zolağında yaşayan fələstinlilər bir qutu içməli su almaq üçün saatlarla növbə gözləyirlər.

Sherg.az xəbər verir ki, İsrailin Rəfah şəhərinə hücumu səbəbindən əhalinin Qəzza zolağında cəmləşdiyi Xan Yunis və Deyr əl-Bələh şəhərlərində su çatışmazlığı yaranıb.

Qəzzalılar uzun məsafə qət etməli və içməli suya çatmaq üçün saatlarla gözləməli olurlar. Mülki əhalinin yaşayış şəraitinin son dərəcə çətinləşdiyi Deyr əl-Bələhdə yüzlərlə insan hər gün dəniz suyunun duzsuzlaşdırılması zavodunda su almaq üçün növbə gözləyir.

Su növbəsini gözləyən Qəzzalı Məcdi Müslim, "İçməli su almaq üçün təxminən 1 kilometr piyada getdim. Sadəcə 20 litr suyu doldurmaq üçün 5 saat növbə gözlədim" deyib.