Müstəqillik istəyən xalqlara azadlıq verilməlidir
Dünyanın aparıcı dövlətləri Makron hökumətinə, Fransaya təzyiq etməlidirlər
Fransanın Sakit okeanda yerləşən müstəmləkəsi Yeni Kaledoniya adasında müstəqillik uğrunda mübarizə davam edir. Müstəqillik tərəfdarları iki həftədən çoxdur ki, itaətsizlik aksiyası keçirirlər. Nəzərə çatdıraq ki, Fransa yeganə ölkədir ki, dənizaşırı departamenti adı altında keçmiş müstəmləkə ərazilərinə nəzarəti saxlayır və həmin yerlərdə müstəmləkəçilik siyasətini davam etdirir. Fransa Azərbaycana qarşı da ədalətsizlik edir. Demokratiya prinsiplərindən, insan hüquqlarından dəm vuran Yelisey sarayı öz maraqları naminə nəinki ölkəmizlə, eləcə də digər regionlarda problem yaşayır. İmperialist siyasəti ilə Yeni Kaledoniya kimi dövlətləri əsarətdə saxlaması onun iç üzünü ortaya qoyur. Demokratik ideyaları məhv edən və insani dəyərləri ucuzlaşdıran Fransa 1873-cü ildən bəri yerli kanak xalqını əsarəti altında saxlayır, onların bütün hüquqlarını pozur. Əslində, Yeni Kaledoniya 1986-cı ildən müstəmləkə siyasətindən azad edilmiş xalqlar siyahısına daxil edilib. Həmin vaxtdan etibarən müstəqillik mübarizəsinə başlayıb. Lakin Fransa hələ də onlara qarşı kolonializm siyasətini davam etdirir. Ada sakinləri dəfələrlə bəyan ediblər ki, Fransanın bu siyasəti nəticəsində öz mənsubiyyətlərini itirmək təhlükəsi yaşayırlar. Azərbaycan isə beynəlxalq arenada dekolonizasiya prosesini təşviq edir, müstəmləkəçilikdən əziyyət çəkən xalqların haqlı mübarizəsini dəstəkləyir. Ölkəmiz neokolonializmə qarşı mübarizəni prioritet elan edib və bu faktı Bakıya səfər edən kaledoniyalılar da etiraf ediblər. Bildirilib ki, dəyərlərini gələcək nəsillərə ötürmək üçün mübarizə aparırlar və bu istiqamətdə Azərbaycanın təşəbbüslərini təqdir edirlər. Ötən ay Bakıda səfərdə olan Yeni Kaledoniya Konqresinin nümayəndəsi Omayra Naisselin Fransanın yerli Kanak xalqına qarşı yürütdüyü imperialist siyasətindən, hüquqlarının pozulmasından söz açıb, onların azadlıq mübarizəsindən və bu mübarizədə üzləşdiyi çətinliklərdən bəhs etmişdi. Bildirmişdi ki, Fransa Yeni Kaledoniya xalqının öz müqəddəratını özünün təyin etməsi və müstəqil olması ilə bağlı üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Konstitusiyaya, seçki qanunvericiliyinə müdaxilə edərək yerli xalqın hüquqlarını məhdudlaşdırmağa çalışır. Göründüyü kimi, Fransa öz tarixində qara ləkə olan kolonializmi yalnız keçmiş müstəmləkələrində, zor gücünə hakimiyyəti altında saxladığı ərazilərdə deyil, həm də digər regionlarda, həmçinin Cənubi Qafqaz regionunda da tətbiq etmək niyyətindədir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də Azərbaycanın neoimperial siyasətlərə qarşı əzmlə və qətiyyətlə dayandığını dəfələrlə bəyan edib. Azərbaycanın dəstəyi də kaledoniyalılar tərəfindən gözardı edilməyib. Fransaya qarşı təşkil edilən aksiyalarda Azərbaycan bayrağı da qaldırılıb. Baş verən etirazlar onu deməyə əsas verir ki, Fransanın dənizaşırı ərazisi olan Yeni Kaledoniyada etirazlar artıq yeni mərhələyə daxil olur. İnsanlar əvvəlki qaydada yaşamaq, Fransa isə yeni reallıqları qəbul etmək istəmir. Görünən odur ki, Fransaya qarşı bu etiraz dalğası tək Yeni Kaledoniya ilə məhdudlaşmayacaq, digər keçmiş müstəmləkələri də əhatə edəcək.
Millət vəkili Naqif Həmzəyev "Sherg.az"a açıqlamasında deyib ki, XXI əsrdə Fransa tərəfindən müstəmləkə siyasətinin həyata keçirilməsi qəbuledilməzdir. Deputatın sözlərinə görə, xüsusilə Yeni Kaledoniyada açıq şəkildə əhaliyə zülm və təzyiqlərin edilməsi və adaya qoşun yeridilməsi, orada yaşayan insanların hüquqlarının tanınmaması Fransa hökumətinin üzqarasıdır:
"İnsan haqlarından, demokratiyadan dəm vuran, özünü Avropanın aparıcı dövləti kimi təqdim etməyə çalışan Fransa hökuməti çox təəssüflər olsun ki, bu siyasətindən qətiyyən əl çəkmir. Hazırda Yeni Kaledoniyada fövqəladə vəziyyət müddəti davam etməkdədir və yəqin ki, müddəti artırılacaq. E.Makronun adaya səfəri "vəziyyətin yumşaldılmasına" hədəflənsə də, inanmıram ki, bu siyasətlə oradakı əhalinin qəzəbini sovuşdura bilsinlər. Azərbaycan ərazisindəki keçmiş separatçılara açıq şəkildə dəstək verən Makron hökumətinin Yeni Kaledoniyadakı əhalinin hüquqlarını tanımaması və onlara qarşı zülm etməsi heç cürə başadüşülən deyil. Dünyanın aparıcı dövlətləri Makron hökumətinə, Fransaya təzyiq etməlidirlər. Yeni Kaledoniyadakı insanların haqları tanınmalı və Fransanın müstəmləkə siyasətinə son qoyulmalıdır. Fransa soyqırımlara, vəhşiliklərə, cinayətlərə görə də bəşəriyyətdən və cinayət törətdiyi xalqların nümayəndələrindən üzr istəməlidir. Müstəqillik istəyən xalqlara azadlıq verməlidir".