Noyabrda ayında ABŞ-də keçiriləcək prezident seçkisində iştirak edəcək əsas rəqiblər bəllidir: Ağ Evin hazırkı sahibi Co Bayden və keçmiş prezident Donald Tramp.
Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.
Məqalədə qeyd olunur ki, hər iki namizədlə bağlı müəyyən suallar var:
“Baydenin yaşı və xəstəliyi ona prezidentlik yarışında əngəl ola bilər. Ona görə belə ehtimallar da səslənir ki, Bayden mübarizədən geri çəkilərək, partiyadaşlardan birinə üstünlük verəcək. Trampla bağlı isə müəmma bundan ibarətdir ki, ona qarşı müxtəlif məhkəmə işləri var və araşdırmalar yekunlaşmayıb.
Seçkilərin Donald Tramp və Co Bayden arasında aparılmasının daha labüd olduğunu vurğulayan hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a söyləyib ki, Amerikada Prezident seçimi hansı partiyanın iqtidarda təmsil olunmasından ibarətdir:
“Yəni digər ölkələrdə şəxslərin kim olması Prezident seçimində əhəmiyyət kəsb edir. Amma Amerikada ikipartiyalı sistem mövcuddur. Bu partiyalardan kimin nə vəd etdiyinə baxırlar. Respubilikaçılar və demokratların hansı vədləri verdiyi, dünya siyasətində necə addımları izləməkləri prizmasından məsələyə yanaşılır. Belə olan halda isə Co Baydenin yaşının çox olması və xəstəliyi əvvəl olduğu kimi seçkiyə təsir etməyəcək. Eynilə Donald Trampın əvvəl Prezidentliyə namizəd olduğu dövrdə rəqibi kifayət qədər daha uğurlu şəxs sayılırdı. Amma Donald Tramp haqqında dəli siyasətçi imajı formalaşmağına baxmayaraq rəqibinə qalib gəldi və Prezident kürsüsünə əyləşdi. Həmin Prezident kürsüsünü də Tramp yox, təmsil etdiyi partiya qazanmışdı. Çünki o vaxt Amerika xalqı respubilikaçıların fikrini daha çox bəyənir və dəstəkləyirdi. Bu gün də eyni hadisə təkrarlanacaq. Xalq hansı partiyanı seçmək istəsə, onun da rəhbərinə səs verəcək. Ümumiyyətlə isə Tramp seçkilərdə daha real namizəd kimi görünür. Çünki Co Bayden iqtidarının dünyada bir sıra qaynar nöqtələrində atdığı addımlar Amerikanın nüfuzuna ciddi zərər yetirdi. Donald Trampın dönəmində isə dövlət olaraq ciddi uğurlar əldə olunmasa da, ölkə nüfuzuna ziyan dəyməyib”.