Aydın Sezer: Putinin yerinə gələcək ən güclü namizəd...

Rusiya elitası Aleksey Dyuminin Dövlət Şurasının katibi təyin edilməsindən həyəcanlanır. Bu, Rusiya lideri Vladimir Putinin seçimi ilə Dyuminin Rusiyanın gələcək prezidenti olmasının təsdiqi hesab olunur.
Bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Bu cür söz-söhbətlər uzun müddətdir ki, davam edir. Dyumin Putinin təhlükəsizlik xidmətindən, xüsusi xidmət əməkdaşlarındandır. Sonra Dyumin Tula vilayətinin qubernatoru kimi özünü çox yaxşı göstərdi. İndi isə Dyumin Dövlət Şurasının katibi kimi Rusiyanın əsas elitasına federal səviyyədə nəzarət edəcək. Dövlət Şurası isə yeni Konstitusiyaya görə, kollektiv prezident rolunu oynaya bilər. Əsas odur ki, bu gün çoxları Putinin Dyumini Rusiyanın gələcək prezidenti kimi gördüyü fikrini gücləndirdi”, - o bildirib.


Türk siyasətçi və yazar Aydın Sezer “Sherg.az”a söyləyib ki, Vladimir Putin Rusiyada son illərdə siyasət dairəsinə və önəmli mövqeylərə yeni aktorlar gətirərək ölkənin idarəetmə strukturunu gücləndirir:  

“Məsələn, bir neçə il öncə baş nazir Dmitri Medvedevin yerinə Mixail Mişutsinin gətirilməsi buna nümunədir. Tuna valisi Dyumin mövzusunda uzun zamandır Rusiyada müxtəlif fikirlər mövcuddur. Dyumin Putinin çox yaxın dostudur. İndi də hər iki şəxsin Kremldə bərabər işləmələri göstərir ki, Putin idarə heyətinə yeni insanlar qazandırmağa davam edir. Buna görə də Sergey Markovun fikirlərində həqiqət var. Vladimir Putin hakimiyyətə təhlükəsizlik siyasətinin Boris Yeltsinə önərdiyi şəxs olaraq gəlib. Eynilə Putinin yerinə gələcək şəxs də təhlükəsizlik brokratiyasının konstutusiyası ilə təmin ediləcək. Burada Putinin də önəmli söz haqqı olacaq. Ukrayna savaşı başlayanda Nikolay Patruşevi Putinin varisi olaraq görürdük. Hazırda Dyumin də ön plana çıxıb. Dolayısı ilə Rusiya Prezidentliyinə olan namizədlərin sayı çoxalır. Yaxın gələcəkdə Patruşevin oğlunun da mövzuya daxil olması mümkündür. Amma ən güclü namizəd Dyumindir”. 

Qeyd edək ki, Putin bu gün general-polkovnik Dyumini Dövlət Şurasının katibi təyin edib. Dyumin bir neçə gün öncə Putinin köməkçisi gətirilmişdi.