Deputat: Avropa Parlamenti rüşvət qalmaqallarının bataqlığındadır

Erməni lobbisinin təsiri altında Ermənistanın təbliğatını aparan AP-nin mövqeyi indi daha aydın başa düşülür
 
 
 Avropa Parlamenti yenidən rüşvət qalmaqalı ilə üz-üzədir. Belçika polisi "Russiagate" işi ilə əlaqədar olaraq Avropa Parlamentində axtarış aparıb. Bu qalmaqalda Avropa Parlamentinin bəzi deputatlarının Rusiya təbliğatını "Avropanın səsi" saytı vasitəsilə yayımlamaları üçün rüşvət aldıqları iddia olunur. Axtarış zamanı rüşvət və korrupsiya ilə bağlı sübutlar toplanılıb. "Russiagate" işi Rusiyanın Avropa Parlamentində təsir gücünü artırmaq üçün rüşvət mexanizmlərindən istifadə etdiyini iddia edir. Xüsusilə bu rüşvətlərin "Avropanın səsi" saytı vasitəsilə Rusiya təbliğatını yaymaq məqsədilə verildiyi ehtimal edilir.
 Avropa Parlamentində rüşvət və korrupsiya skandalları artıq adət halını alıb. Bu cür hadisələrin sistematik olduğu və Avropa institutlarında geniş yayıldığı iddia olunur. Korrupsiya skandalları, Avropa Parlamentinin şəffaflığı və etibarlılığına ciddi zərbə vurur. Rüşvət qalmaqalı Avropa institutlarının nüfuzuna və şəffaflıq səviyyəsinə ciddi təsir göstərir. Bu qalmaqalların geniş miqyasda yayılması, Avropa Birliyinin demokratik və şəffaf fəaliyyətlərinə kölgə salır. Avropa Parlamentinin rəhbərliyi, korrupsiya və rüşvət mexanizmlərinə qarşı daha sərt tədbirlər görməyi planlaşdırır. Bu qalmaqalda erməni lobbisinin də rolu diqqət mərkəzindədir. Brüsseldə oturan erməni iş adamı Kaspar Karapetyanın Avropa Parlamentindəki korrupsiya və rüşvət mexanizmlərində mühüm rol oynadığı iddia edilir. Xatırladaq ki, Avropa Parlamentində rüşvət və korrupsiya skandalları artıq adət halını alıb. 2022-ci ildə Avropa Parlamentinin vitse-prezidenti, yunan deputat Eva Kayli və daha 3 nəfərin Qətərdən rüşvət almaları faktı məlum olmuşdu. O zaman saxlanılanlar arasında AP-nin vitse-prezidenti, yunanıstanlı deputat Eva Kailinin olması isə sensasiya effekti yaratmışdı. Belçikanın federal müstəntiqləri Kaili də daxil olmaqla, saxlanılanları rüşvət qismində külli miqdarda pul və müxtəlif bahalı hədiyyələr almaqla körfəz ölkələrindən birinin xeyrinə qanunsuz lobbiçilik etməkdə, AP-də qəbul edilən qərarlara təsir etməyə çalışmaqda ittiham etmişdi. İşlə əlaqədar Brüsseldəki 16 müxtəlif nöqtədə həyata keçirilmiş axtarışlar nəticəsində 600 min avro nağd pul aşkarlanmışdı. Problemin miqyası avropalı siyasətçiləri də dəhşətə gətirib. Polşanın Baş naziri Mateuş Moravetski AP-də korrupsiyanın miqyasından dəhşətə gəldiyini bildirmiş, etiraf etmişdi ki, işin detalları ilə tanış olanda şoka düşüb. “Transparency İnternational”ın əməkdaşı Mişel van Hulten də AP-də korrupsiyanın miqyasının dəhşətli dərəcədə olduğunu söyləmişdi: “Parlamentdə korrupsiyanın olması məni təəccübləndirmir, amma bunun miqyası məni şoka salır”. 2023-cü ilin aprelində də AP-də korrupsiya qalmaqalı yaşanıb. Belçika polisi və alman müstəntiqləri Almaniyada başladılan istintaq çərçivəsində sağ mərkəzçi Avropa Xalq Partiyasının Brüsseldəki qərargahına basqın ediblər. İstintaqla bağlı əlavə məlumat verilməsə də, “Thueringer Allgemeine” qəzeti mənbələrə istinadən bildirib ki, basqın Almaniya Xristian Demokratlar Partiyasının lideri Mario Foyqtun 2019-cu il Avropa seçkilərində EPP-nin seçki kampaniyasındakı korrupsiya qalmaqalı ilə əlaqədardır.

 Millət vəkili Naqif Həmzəyev "Sherg.az”a bildirib ki, Avropa Parlamentinin dəfələrlə rüşvət qalmaqalında adının hallandığına şahidlik etmişik. Deputat bəyan edib ki, AP deputatlarının korrupsiyaya qurşanmaları ilə bağlı çoxsaylı faktlar, sübutlar üzə çıxıb:
 "Bəzi deputatlar buna görə mandatlarından uzaqlaşdırılıb. O baxımdan Avropa Parlamentində təmsil olunan bir sıra deputatların hazırda Rusiyanın təbliğatını aparması artıq adi qarşılanır. Faktiki olaraq avroparlamentarilər Rusiya maraqlarına xidmət edən informasiyaların tirajlanmasında yaxından iştirak ediblər. Bütün bunlar onu göstərir ki, dəfələrlə insan haqlarından, ədalətdən, obyektivlikdən danışan, başqa dövlətlərə dərs keçməyə çalışan Avropa Parlamenti ikili standartlardan çıxış edir. Halbuki Avropa Parlamenti özü rüşvət qalmaqallarının bataqlığındadır. Erməni lobbisinin təsiri altında Ermənistanın təbliğatını aparan AP-nin mövqeyi indi daha aydın başa düşülür. Avropa Parlamentinin bəzi deputatları məhz erməni diasporundan aldığı rüşvətlər hesabına Ermənistanın müdafiəsi ilə məşğul olurlar. Düşünürəm ki, gec-tez bu faktlar üzrə də sübutlar aşkarlanacaq. Erməni lobbisindən aldıqları rüşvətlə hərəkət edən AP üzvlərinin ifşa olunması da çox mühümdür".

 Parlament üzvü qeyd edib ki, Avropa Parlamentinin nə zamansa ədalətli mövqedən çıxış edəcəyinə ümid etmək istəyirik: 
"AP hazırda elə bir cəngəllikdir ki, qurum ancaq öz maraqlarına xidmət edir. Orada xristian dünyasının maraqları, ikili standartlar ön plandadır. Ona görə də Azərbaycanın yaratdığı yeni reallıqları görmək istəmirlər. Avropa Parlamentinə keçiriləcək seçkilərdən sonra yeni formalaşan tərkibdə bu kimi halların olmayacağına ümid edirik. Ancaq istisna deyil ki, bir müddət sonra erməni lobbisi Avropa Parlamentinin bəzi deputatlarını yenə öz rüşvət toruna salacaq. Azərbaycan hər zaman ədalətli mövqe sərgiləyir. Bizim güclü tərəfdaşlarımız, mövqeyimizi müdafiə edən güclü müttəfiqlərimiz, əməkdaşlıq etdiyimiz ölkələr, qurumlar var. İnanırıq ki, Azərbaycana qarşı ikili standartlar aradan qalxacaq və ölkəmizin regionda aparıcı güc olduğunu, yeni reallıqlar yaratdığımızı qəbul edəcəklər".