Tbilisi Kremllə siyasi dialoq apararaq ərazi bütövlüyünü təmin etməyi planlaşdırır
"Gürcüstanda hakim "Gürcü Arzusu" Partiyasının Qərblə siyasi əlaqələrinə zərbə vuran "Xarici agentlər haqqında" qanunu qəbul etməsi öz xarici siyasətində kardinal dəyişikliklərin başlanğıcıdır". Bu barədə "Sherg.az"a politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirib ki, hakim partiya Qərblə məsafəli siyasət aparmaqla öz müstəqil siyasət kursunu həyata keçirməyə çalışır:
"Məhz hakim "Gürcü Arzusu" Partiyası bununla regional ölkələrlə siyasi münasibətləri inkişaf etdirmək, xüsusilə Rusiya əleyhinə platformalarda yer almayaraq, Kremllə siyasi dialoq apararaq ərazi bütövlüyünü təmin etməyi planlaşdırır. Məhz 2030-cu ilə qədər Abxaziya və Cənubi Osetiyanın Tbilisiyə tabe edilməsinin gündəmə daşınması bundan xəbər verir. Təbii ki, Qərblə əlaqələrin gərginləşməsi fonunda Rusiya ilə əlaqələri inkişaf etdirməyin Tbilisi üçün mənfi nəticələri olacaq. Ümumiyyətlə, Tbilisinin arzuladığı kimi Moskvanın Abxaziya və Cənubi Osetiyanı Gürcüstana güzəştə getməsi mümkün deyil. Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal olunmuşdu və Azərbaycan müharibə ilə əraziləri azad etdi. Azərbaycanın Türkiyə kimi müttəfiqi yanındadır. Amma Gürcüstanın ərazi bütövlüyünü pozan birbaşa Rusiyadır. Gürcüstan öz müttəfiqləri ilə problemli siyasəti aparır. Baş verən proseslər Gürcüstan hakimiyyətinin ərazi bütövlüyünü bərpaetmə siyasətinin uğurlu olacağını sual altında qoyur".