Salamidən qorxma-qorxma mesajı: İranda müharibənin olması gözlənilən deyil -ANALIZ

Düşmənlərimiz belə qənaətə gəliblər ki, İrana qarşı hərbi fəaliyyət qeyri-real variantdır.
Bunu İran İslam İnqilabı Keşikçilər Korpusunun komandanı general-mayor Hüseyn Salami “Bəsic” qüvvələrinin nümayəndələri qarşısında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, İranın izolyasiyası planı artıq əks nəticələr verməyə başlayıb:

“Bu gün İrana qarşı müharibə ehtimalı barədə fikir, eləcə də gündəmdə olan variantlar artıq rədd edilir. İrana qarşı müharibənin qeyri-mümkünlüyünün sübutu ölkəyə investisiya qoyulması ilə bağlı son vaxtlar həvəsin artmasıdır. Regional təhlükəsizliyin artıq bizsiz təmin edilə bilməməsi faktı göstərir ki, İslam Respublikasını izolyasiya etməklə bağlı düşmən planları uğursuzluğa düçar olub. Bu gün düşmənlərimiz – məhz amerikalılar, sionistlər və bəzi Avropa ölkələri izolyasiyadadırlar”.

Qeyd edək ki, İrana qarşı sanksiyalar ölkədə islam inqilabı olduqdan az sonra başlayıb. 2000-ci illərin əvvəllərində ölkəyə ən sərt sanksiyaların tətbiqinə başlanıb. ABŞ Prezidenti Donald Trampın dönəmində isə Tehranın neft satışına qadağa qoyulub. Sanksiyalar nəticəsində İranın son 10 ildə iqtisadiyyatı iki dəfəyə qədər kiçilib, milli valyutası isə dəfələrlə ucuzlaşıb. Yaranan iqtisadi problemlər ölkə daxilində sosial gərginliklərə də səbəb olub. 

Hüseyn Salaminin fikirlərinə münasibət bildirən Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Solton “Sherg.az”a bildirib ki, Tehran hakimiyyəti 1979-cu il inqilabından sonra izolyasiya prosesinə düşüb:
“Ona görə də İranın həmin vaxtki ali lideri Ayətullah Seyid Əli Xamenei bildirirdi ki, özümüz-özümüzü təmin etməliyik. Eyni zamanda şahdan qalan dəzgahlar və avadanlıqlar ilə vəziyyətdən çıxmağa çalışırdılar. Amma 8 illik İran-İraq müharibəsi rəsmi Tehranın vəziyyətini ağırlaşdırdı. Sonrakı mərhələdə isə Tehran hakimiyyəti şahdan qalma iqtisadiyyatın ətaləti ilə fəaliyyət göstərməyə başladı. 1980-ci illlərin sonu İrana tətbiq olunan sanksiyar iqtisadiyyatın ağırlaşmasının bünövrəsini qoydu. 1990-ci illərin ortalarında isə vəziyyət kəskinləşdi. 2010-ci ildən sonra isə İrana qarşı sanksiyalar müxtəlif istiqamətlərdə tətbiq olundu. 2015-ci ildən sonra da İranın neft-qaz sektoruna sanksiyaların olması Tehran hakimiyyətini əslində təcili vəziyyətə saldı. Tehran hakimiyyətinin bu gün ən çox iqtisadi ticarət əlaqəsi saxladığı ölkə Çin və Rusiyadır. İranın Rusiya ilə belə iqtisadi ticarət əlaqələrinin həcmi 4  milyarddan artıq deyil. Tehran hakimiyyəti bütün bu çıxışları Çinlə iqtisadi ticarət əlaqələrinin yüksək səviyyədə  olduğuna görə edir. İranın qonşuluğunda olan müsəlman ölkələrinin heç birinin Tehran hakimiyyəti ilə iqtisadi əlaqələri yoxdur. Uzun illərdir ki, İran dövləti Əfqanıstan, Pakistan, Hindistan ilə neft-qaz kəməri çəkmək istəyir. Amma indiyə qədər bununla bağlı heç bir mühim addım atılmayıb”.

Ekspert qeyd edib ki, qonşu ölkələr və regiondan kənar dövlətlər İranla iqtisadi əlaqələri genişləndirməkdə maraqlı deyil:
“Çünki İranın iqtisadiyyatına sərmaya qoymaq da, alver etmək də risqlidir. Dünyanın aparıcı ölkələrinin neft-qaz sektorları İranda fəailiyyət göstərmir. Bir neçə il öncə Rusiyanın Lukoil və Qazprom kimi şirkətləri də İranla iqtisadi əlaqələri kəsərək ölkə ərazisindən çıxıb. General-mayor Hüseyn Salaminin çıxışı İran cəmiyyətinə qorxma-qorxma mesajı verməkdir. Çünki ölkədə az qala hər gün sosial məsələ ilə bağlı etiraz aksiyarı keçirilir. Bu aksiyaların heç biri isə siyasi motivli deyil. İnsanlar yaxşı yaşamaq istəyir. Salami açıqlaması ilə göstərmək istəyir ki, guya İran dünyanın aparıcı ölkələrini təcrid edib. Əgər həqiqətən belədirsə, niyə Amerikanın iqtisadiyyatı İrandan dəfələrlə çoxdur? Yaxud da mayın 19-da niyə İbrahim Rəisini aparan təyyarənin təhlükəsizliyi təmin edilməmişdi? Bunlar göstərir ki, Hüseyn Salami İran cəmiyyətinin başını qatmağa çalışır. İndiki şəraitdə İrana qarşı müharibə etmək istisnadır. Bu nə İrana, nə də qarşı tərəfə fayda verməz. Ona görə də İranda müharibənin olması gözlənilən deyil”.