Böyük ehtimalla prezident qeyri-Azərbaycan əsilli və islahatçı obrazlı şəxs olacaq
“Digər namizədlərin də xalq arasında o qədər populyar olmayan şəxslər olması deməyə əsas verir ki, hamısı xüsusi seçilmiş şəxslərdir”
İranda növbədənkənar prezident seçkilərində iştirak etmək üçün rəsmi qeydiyyatdan keçən namizədlərin sayı 37-yə çatıb. Seçki qərargahının nümayəndəsi Möhsün Eslami bildirib ki, 37 namizəddən 20-si iyunun 2-də seçki qərargahına sənəd təqdim edib. Təbrizli din xadimi Seyid Məhəmmədrza Mirtacəddini də növbədənkənar prezident seçkiləri üçün namizəd kimi qeydiyyatdan keçib. Qeydiyyatdan keçdikdən sonra media nümayəndələri qarşısında çıxış edən Mirtacəddini iqtisadi islahat yox, iqtisadi inqilab edəcəyini deyib. Qeyd edək ki, Mirtacəddini bundan əvvəl üç dövr Təbrizin İran parlamentindəki nümayəndəsi olub. 2005-2013-cü illərdə İran prezidenti olmuş Mahmud Əhmədinejad da növbədənkənar prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçib. Qeyd edək ki, iyunun 4-dən etibarən Konstitusiyanın Keşikçiləri Şurası namizədin prezident vəzifəsinə qoyulan tələblərə cavab verib-vermədiyini öyrənmək üçün bir həftə ərzində namizədliyi nəzərdən keçirəcək. İştirakçıların yekun siyahısı iyunun 11-də açıqlanacaq. Növbədənkənar prezident seçkilərində ilk dəfə qadın da namizədliyini irəli sürüb. Məlumata görə, Zöhrə İlahianın prezident seçkilərində namizədliyi qeydə alınıb: “Mənim hökumətimin şüarı - sağlam hökumət, sağlam iqtisadiyyat və sağlam cəmiyyətdir”. İranda növbədənkənar prezident seçkiləri 28 iyunda keçiriləcək.
Politoloq Tural İrfan "Sherg.az"a deyib ki, İranda prezident postu formal xarakter daşıyır və həlledici strateji qərarları dini lider verir. Ekspertin sözlərinə görə, dini lideri seçən qurum eyni zamanda prezidentin də kim olmasını gizli şəkildə müəyyən edir:
"Bu, hətta namizədlər qeydə alınmamış baş tutur, lazım bilinməyən şəxs və ya şəxslər qeydə alınmır. Eks prezident Mahmud Əhmədinejadın prezidentliyə namizəd olması göstərir ki, yeni hökumətdə hansısa əhəmiyyətli post tutmasına qərar verilib. Əks halda əvvəlki seçkilərdən fərqli olaraq məhz indi namizədliyini irəli sürməzdi. Qadın namizədin olması qadın hüquqlarının son dönəmdə daha şiddətlə tapdanmasına və kütləvi aksiyalara rəğmən, müsbət ab-hava yaratmaq niyyəti daşıyır. Guya İranda qadınlara hətta prezident seçilmək şansı verilir. Ancaq mühafizəkar rejimdə əsla qadın prezident ola bilməz, buna imkan verilməz. Digər namizədlərin də xalq arasında o qədər populyar olmayan şəxslər olması deməyə əsas verir ki, hamısı xüsusi seçilmiş şəxslərdir. Böyük ehtimalla prezident qeyri-Azərbaycan əsilli şəxs və islahatçı obrazlı şəxs olacaq. Çünki İranda adətən bir dönəm islahatçı, bir dönəm mühafizəkar prezident olur. Sonuncudan əvvəlki prezident Həsən Ruhani islahatçı kimi tanınırdı. İbrahim Rəisi isə əsasən mühafizəkarlığı ilə seçilirdi ki, onu da hüquq-mühafizə, məhkəmə sistemində uzun müddət çalışması ilə əlaqələndirirdilər. Sanki mühafizəkar gəlir, sərtləşdirir, mühafizəkar qanunların qəbulunu, tətbiqini ciddiləşdirir, xarici siyasətdə də dünyada birmənalı qarşılanmayan addımlar atır, sonrakı prezident isə islahatçı obrazında əvvəlkindən yumşaq, islahata meyilli obrazı yaradaraq neytrallıq nümayiş etdirir, münasibətləri normallaşdırır. Bu yöndən baxsaq, indi seçiləcək prezident də islahatçı və daha yumşaq, demokratik dəyərlərə meyilli şəxs ola bilər".
T.İrfan vurğulayıb ki, Mahmud Əhmədinejadın dini liderlə isti münasibətinin olmadığı deyilir:
"Həmçinin digər dəstəkləri də əvvəlki dərəcədə deyil. Heç tanınmayan şəxs gəlsə belə, o da dini liderin kadrı olacaq, ancaq üzdə "müstəqil" görünə bilər. İran rejimi özü də hiss edir ki, son zamanlar özünü daha çox təcrid edib, narazı xalq kütləsinin sayı artıb, ölkədə iqtisadi, sosial durum ağırdır və xarici siyasətdə ölkəni təhlükəyə salacaq addımlar atılıb. Odur ki, bu narahatlığı sığortalamaq, bir qədər də sərt qəbul edilmiş qaydaları yumşaq göstərmək, xalqı yeniliklərə ümidləndirmək üçün fərqli bir obrazın prezident seçilməsini təşkil edə bilərlər. Ümid etmək olar ki, indiyə qədər gərgin olan münasibətlərin nisbətən yumşaldılması üçün islahata meyilli şəxsin prezident olması ən azı müsəlman ölkələri ilə siyasi gərginliyi azaltmağa xidmət edəcək".