"Türkiyə bu il ərzində BRICS-ə üzv olmaq niyyətindədir".
APA-nın “South China Morning Post” qəzetinin saytına istinadən xəbərinə görə, bunu Çinə səfəri zamanı Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
O bildirib ki, bu məsələ quruma üzv dövlətlərin xarici işlər nazirlərinin Rusiyanın Nijni-Novqorod şəhərindəki görüşündə müzakirə olunacaq. Hakan Fidan həmçinin BRICS ölkələrindən olan həmkarlarının Rusiyada keçiriləcək görüşündə iştirak etmək niyyətini açıqlayıb.
Qeyd edək ki, Rusiya, Braziliya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, İran, Misir və Efiopiyanın da daxil olduğu BRICS 2009-cu ilin iyununda Rusiya, Braziliya, Hindistan və Çin tərəfindən təsis olunub.
Mövzu ilə bağlı "Sherg.az”a danışan Ağ Partiyanın sədr müavini Əhəd Məmmədli bildirib ki, Türkiyənin BRİCS-ə qoşulması mümkün ola bilər:
“BRİCS NATO və Avropa Birliyinə alternativ yaradılan qurumdur. Yəni Kollektiv Qərbə alternativ ölkələr birliyidir. Türkiyənin NATO-ya üzv olması isə BRİCS-ə qoşulmasına mane olmur. Türkiyə NATO üzvü olduğu halda Fransa, Amerika, Almaniya ilə böyük problemlər yaşayıb. Bu mənada rəsmi Ankara öz nüfuzu ilə BRİCS-in gücünə güc qata bilər. Düzdür Türküyənin bəzi Qərb tərəfdaşlarının buna münasibəti neqativ ola bilər. Amma bu Türkiyə üçün maraqlı olmayacaq. Çünki, artıq dünya Kollektiv Qərbdən asılı deyil. Dünya çoxqütblülüyə doğru gedir. Türkiyə də çoxqütblü dünyada günün altında özünə yer tutmaq üçün mücadilə aparır”.