İranda 80 nəfər prezident olmaq istəyir

İranda İbrahim Rəisinin həlak olmasından sonra iyunun 28-nə təyin olunmuş növbədənkənar prezident seçkisinin mühüm bir mərhələsi arxada qalıb: dünən prezidentliyə namizədlərin irəli sürülməsi üçün ayrılmış beş günlük vaxt başa çatıb. Günün sonunda İran seçki qərargahının rəisi və daxili işlər nazirinin siyasi məsələlər üzrə müavini Məhəmmədtağı Şahçeraği jurnalistlərə bildirib ki, bu müddət ərzində prezidentliyə namizəd olmaq üçün qərargaha müraciət etmiş 287 nəfərdən 80 nəfərin namizədliyi qeydə alınıb.

Bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan videosüjetdə bəhs edilir.

Bundan sonra bir həftə ərzində namizədlərin səlahiyyətlərinin Nəzarət Şurasında araşdırılması davam edəcək və iyunun 11-də təsdiqlənmiş namizədlərin adları açıqlanacaq. 30 may-3 iyun tarixlərində həyata keçirilən namizədlərin irəli sürülməsi prosesi bir sıra cəhətləri ilə diqqəti çəkib. Bunlardan birincisi prezidentlik iddiasında olanların sayının çoxluğudur.

Namizəd olacağı gözlənilən şəxslərin əksəriyyəti seçki qərargahına gələrək sənədlərini təqdim ediblər. Tanınmış İran siyasətçisi, Tehran şəhərinin sabiq meri Qulamhüseyn Kərbasçi bu prosesə kinayəli münasibət bildirərək yazıb:

"Bu qədər də prezident olar?! İndiki və sabiq mülki və hərbi məmurların bir çoxu, şükürlər olsun, prezidentliyə namizədliklərini irəli sürüblər. Namizədlərin siyahısı çox uzundur. Yaxşı olmazmı ki, vaxt başa çatanda hörmətli Daxili İşlər Nazirliyi namizədliyini irəli sürməyənlərin siyahısını açıqlasın?!"

Sabiq vitse-prezident Məhəmmədəli Əbtəhi də prosesə eyni tərzdə münasibət sərgiləyərək yazıb:

"Prezidentliyə namizəd olmaq üçün bu qədər adam hücum çəkibsə, qorxuram, namizədlərin sayı səs verənlərin sayından çox ola! Görəsən, nə xəbərdir?!"

Oxu.az