NATO -Rusiya savaşı ehtimalı: Qərb Kremlin nəbzini ölçür? -ŞƏRH

Britaniyanın “Deili Teleqraf” qəzetindən yayılan məlumata görə NATO Rusiyanın alyans ölkələrindən birinə ehtimal edilən hücumu halında ABŞ qoşunlarını Rusiya sərhədlərinə köçürmək planları üzərində işləyir.

“Zərurət yaranarsa, Amerika hərbçilərinin Rotterdam limanına enməsini, dəmir yolu ilə Niderland və Almaniya ərazisindən Polşaya köçürülməsini nəzərdə tutan əsas dəhlizi əvəz edəcək bir neçə quru dəhlizi yaradılır”, - məlumatda deyilir. 

Tanınmış jurnalist, siyasi analitik Fuad Abbasov "Sherg.az"a deyib ki, NATO-nun qurulma məqsədi SSRİ-nin güclənməsinin qarşısını almaq idi:
"SSRİ-yə qarşı qurulan NATO indi onun varisinə, Rusiyaya qarşı fəaliyyət göstərir. NATO özünü müdafiə məqsədli Alyans olduğunu vurğulasa da, Rusiya NATO-nun genişləməsini özünə təhdid kimi görür. Digər tərəfdən şimal qonşumuz Ukraynaydakı müharibəylə paralel olaraq Alyansın digər üzvlərinə hücum edərsə, NATO buna cavab verməli olacaq. Çünki NATO Nizamnaməsinin 5-ci maddəsinə görə əgər üzv dövlətlərin təhlükəsizliyinə təhdid törədilərsə, ərazi bütövlüyü pozularsa, digər üzvlər o ölkənin müdafiəsinə qalxmalıdır".

Ekspert əlavə edib ki, olası Qərb-Rusiya müharibəsində nüvə silahlarından mütləq şəkildə istifadə olunacaq:
"Bu səbəbdən düşünürəm ki,  “Deili Teleqraf” qəzetindən yayılan məlumat Rusiyanın nəbzini ölçmək, reaksiyasını öyrənmək üçündür".