Araşdırmaçı: Paşinyan hələ də Baqratın nazi ilə oynamaqda davam edir

Ermənistanda “Vətən naminə Tavuş” hərəkatı davam edir. Uzun müddətdir Ermənistanda keşiş Baqratın rəhbərlik etdiyi anti-hökumət hərəkatı növbəti aksiyanı iyunun 9-na təyin  edib. Yayılan müraciətdə bu mitinqin mühüm olduğu və 100 min adamın toplaşmasının vacib olduğu bildirilir. Müşahidələr göstərir ki, Baqratın dəstəkçiləri nə qədər çalışsalar da son aksiyalara adam toplamaqda çətinlik çəkirlər. Bu günə qədərki aksiyalarda  heç 100 minin yarısını da toplaya bilməyiblər.  Qeyd edək ki, radikal müxalifət təmsilçilərinin aprelin 19-da Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası sahəsində əldə olunan razılaşmaya etiraz  məqsədi ilə başlatdıqları hərəkat artıq fiaskoya uğramaqdadır. Bu həqiqəti Ermənistanın ictimai-siyasi sektorunda təmsil olunan az qala bütün rasional düşüncəli şəxslər qeyd etməkdədirlər. Aksiyaların başlanmasından artıq ay yarımdan  artıq vaxt keçsə də revanşistlər  heç bir uğur əldə edə bilməyiblər. Artıq nəinki etiraz aksiyalarının sı­ravi iştirakçıları, onun rəhbəri, erməni apostol kilsəsinin Tavuş yeparxiyasının arxiyepiskopu Baqrat Qalstanyan da jurnalistlərə açıqlamasında Nikol Paşinyan iqtidarını tezliklə devirəcəyi­ni bəyan etməklə tələskənliyə yol verdiyini etiraf edib. Eyni zamanda, onların etiraz aksiyaları keçirdikləri müddət ərzində Qazaxın 4 kəndinin işğaldan azad olunması prosesi baş tutub. Mayın 24-dən etibarən həmin kəndlərdə dövlət bayrağımız dalğalanmaqdadır. Bu isə revanşistlərin arxasınca gedənləri ruhdan salan, onların sıralarını seyrəldən amildir. 

Araşdırmaçı-jurnalist Asəf Quliyev də “Sherg.az”a açıqlamasında deyib ki, Baqratın rəhbərlik etdiyi aksiyalarda heç zaman ciddi say olmayıb. Hakim elita da bunu görür və buna rəğmən  Ermənistanın baş naziri Nikol Paşinyan hələ də Baqratın nazi ilə oynamaqda davam edir: 

“Bunun da bir neçə səbəbi var.  Əvvəla bu yolla Paşinyan dünyaya Ermənistanın demokratik ölkə olduğunu göstərməyə çalışır.  Həmçinin Paşinyan Baqratı üzdə saxlamaqla özünə alternativ olan digər qüvvənin yaranmasını əngəlləyir.
Digər  tərəfdən də Paşinyan Baqratın aksiyalarında səslənən tələbləri  (bunlar əsasən Azərbaycan və Türkiyəyə qarşıdır) dünyaya göstərməklə sülh prosesində müəyyən  manevr imkanları qazanır. Məhz bu səbəblərdən Baqrat hərəkatının bir müddət davam edəcəyi gözləniləndir. O vaxta qədər ki, erməni xalqının bütövlükdə Baqrata da, onun arxasında dayanan qüvvələrə də tam inamsızlığı yaransın”.