İrəvan-Minsk xəttindəki gərginlik daha çox Belarusun Azərbaycana dəstəyi ilə bağlıdır
Ekspert bunun birbaşa Ermənistanın KTMT-dən çıxmaq üçün bəhanələrlə əlaqəli olduğunu düşünmür
Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı Belarus Prezidenti Aleksandr Lukaşenkonu sərt tənqid edib. Baş nazir bildirib ki, A.Lukaşenko prezident olduğu müddətdə Ermənistanın heç bir rəsmi nümayəndəsi Belarusa səfər etməyəcək. Paşinyan deyib ki, Lukaşenko Ermənistandan üzr istəsə və ya Belarus təşkilatı tərk edərsə, İrəvan KTMT-yə münasibətini dəyişə bilər. Ermənistan Belarusdakı səfirini də məsləhətləşmələr üçün İrəvana çağırıb. Belarus Paşinyanın bəyanatlarını sakit qiymətləndirib. Belarusun Rusiyadakı səfirliyinin müşaviri Aleksandr Şpakovski deyib ki, Minsk Ermənistanda gedən daxili siyasi proseslərə, eləcə də İrəvanın xarici siyasətinə qarışmır: “Qarşılıqlılıq prinsipinə əsaslanaraq, biz tərəfdaşlarımızdan və müttəfiqlərimizdən də oxşar yanaşmalar gözləyirik, ona görə də Ermənistan rəhbərliyinin nümayəndələrinin Belarus siyasi ekstremistlərinin liderləri ilə təmaslarını bir qədər çaşqınlıqla izlədik. Eyni zamanda tərəfdaşların və müttəfiqlərin seçimi rəsmi Minskin suveren məsələsidir və bu halda “ya-ya da” yanaşması bizim üçün qəbuledilməzdir. Biz qardaş Azərbaycanla bütün sahələrdə, o cümlədən hərbi-texniki sahədə qarşılıqlı əlaqədə olmuşuq və bundan sonra da əlaqə saxlayacağıq”. Məlumat üçün bildirək ki, Nikol Paşinyan A.Lukaşenkonun Azərbaycanda səfərdə olarkən səsləndirdiyi bəzi tənqidi fikirlərdən hiddətlənib. Bəzi ekspertlər Paşinyanın Lukaşenkonu hədəf seçməsini KTMT-dən çıxmaq üçün bəhanə adlandırıblar.
Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a deyib ki, Paşinyanın Lukaşenkoya qarşı "müharibə" elan etməsinin birbaşa Ermənistanın KTMT-dən çıxmaq üçün bəhanələrlə əlaqəli olduğunu düşünmür. Ekspertin fikrincə, KTMT mövzusu qalmaqalın müşahidə edilə bilən tərəfidir:
"İrəvan-Minsk xəttindəki gərginlik daha çox bir mövzuya doğru düşüncələri yönləndirir. Bu, Belarusun Azərbaycana dəstəyidir. Lakin aydındır ki, həmin dəstək yeni bir hal deyil. Əsas məsələ Azərbaycanın Ermənistan üzərində qələbə qazandıqdan sonra Belarusun Azərbaycana dəstəyinin xarakterini yenilənməsindən gedir. Lukaşenko hələ Ukraynada müharibə başlamamışdan öncə Ermənistanın regionda heç kimə lazım olmadığını bildirmişdi. Bu, Cənubi Qafqazda postmünaqişə dövründə Belarusun Azərbaycanla Ermənistanın niyyət və hiyləgərliyi barədə kəşfiyyat məlumatlarını bölüşməsi ilə nəticələ bilərdi. Paşinyan, əslində, Belarusun KTMT daxilindəki kəşfiyyat məlumatlarını Azərbaycana verməsinə eyham vura bilər. Buna görədir ki, Paşinyan "Lukaşenko Ermənistandan üzr istəsə və ya KTMT-ni tərk edərsə, İrəvanın KTMT-yə münasibəti dəyişə bilər" deyir. Hadisəyə Belarusun Rusiyadakı səfirliyinin müşaviri Aleksandr Şpakovskinin yanaşması isə diqqət çəkir. Şpakovskinin Belarus Ermənistandakı daxili siyasi proseslərə, eləcə də İrəvanın xarici siyasətinə qarışmır" deməsi o mənaya gəlir ki, İrəvan Belarusun işlərinə müdaxilə edən qüvvələrin əlinə əməlli-başlı oynayıb və Minsk də bunun əvəzini çıxıb".