Ermənistan KTMT-dən üzülmək üçün son günlərini sayır -PROQNOZ

Paşinyanın bəyanatının arxasında Vaşinqtonun da istəklərinin olduğu ehtimalı ön plana çıxır


  Ermənistan Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından da çıxacaqlarını bəyan edib. Paşinyan bununla bağlı hökumətin qərar verəcəyini deyib: "KTMT-yə üzvlük dondurulduqdan sonra növbəti məntiqi addım Ermənistanın bu təşkilatdan çıxması olacaq". Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə deyib ki, Moskva Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı mövqeyinə aydınlıq gətirməyə çalışacaq və bunun üçün rəsmi İrəvanla işi davam etdirəcək. Peskovun sözlərinə görə, rəsmi Moskva İrəvanla münasibətlərin tərəfdaşlıq mühitində davam etdiriləcəyinə ümidvardır.

  Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, Ermənistan təşkilatda fəaliyyətini məhdudlaşdırsa da, indiyə qədər çıxmaqla bağlı yüksək səviyyədə mövqe açıqlamamışdı. Analitikin fikrincə, rəsmi İrəvanın KTMT ilə bağlı sərgilədiyi mövqe daha çox Azərbaycan qarşısında təşkilatın dəstəyini qazanmaq, Rusiyanın mövqeyinə təsir etmək və Qərb qarşısında qiymətini artırmağa bənzəyirdi:
 "Hərçənd Paşinyanın açıqlamasından sonra özünün də dediyi kimi, “geridönüşün olmayacağı” görünür. Erməni baş nazir bu açıqlamanı parlamentdə müxalifətin ittihamlı suallarını cavablandırarkən verib. Lakin Obraynın səfəri və ABŞ-Ermənistan strateji dialoqunun keçirilməsindən sonra verilən bu bəyanatın arxasında Vaşinqtonun da istəklərinin olduğu ehtimalı ön plana çıxır. İstisna deyil ki, ABŞ Ermənistandan verəcəyi dəstək qarşılığında KTMT-dən ayrılmağı yekunlaşdırmasını istəyib. Ermənistanın KTMT-dən çıxması Rusiyanın bu ölkədəki hərbi mövqelərinin də zəifləməsini sürətləndirəcək. Moskvanın bu reallıqla barışacağı sual altındadır. Amma Rusiyanın hazırda Ermənistana hərbi və siyasi təsir imkanları o qədər də effektiv deyil. Bundan fərqli olaraq, iqtisadi rıçaqların işə salınması Ermənistan üzərində təsiredici faktor ola bilər. Məsələn, təkcə erməni yük maşınlarının önünün kəsilməsi Ermənistan iqtisadiyyatı üçün ciddi itkilərə səbəb olur. 

Ekspertin qənaətincə, Rusiyanın iqtisadi rıçaqlardan istifadə edəcəyi mümkün variantlardandır: 
"Lakin bu, Moskvanı dilemma qarşısında qoyur. Çünki iqtisadi rıçaqlardan istifadə erməni əhalisinin zərər çəkməsi ilə nəticələnir və bu, Rusiyanın erməni ictimaiyyətinin dəstəyini qazanmaq siyasətinə ziddir, o cümlədən Ermənistan hakimiyyətinin ictimai rəydə anti-Rusiya siyasətini əsaslandırmaq imkanlarını artıra bilər. Moskvanın Gümrüdəki bazasına təhlükə yaranmadığı müddətdə İrəvanla ehtiyatlı mövqeyini davam etdirəcəyi, buna paralel olaraq, bölgədəki mövqelərini qorumaq üçün Azərbaycanla daha çox işləmək siyasətini izləyəcəyi görünür".