Papanın narkotiklərlə mübarizəyə dair mesajı: "Mən çoxlu faciəli hekayələr bilirəm"

Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk bəyan edib ki, bəzi ölkələrdə olduğu kimi narkotiklərin qanunla liberallaşdırılması asılılıq ilə mübarizə yolu deyil.
Sherg.az xəbər verir ki, Vatikanda həftəlik ümumi qəbul iclasını keçirən Papa bu gün “26 İyun Ümumdünya Narkotiklərdən İstifadə və Ticarətlə Mübarizə Günü” olduğu üçün çıxışını bu mövzuya həsr edib.

"Narkomanlar və onların ailələri haqqında çoxlu faciəli hekayələri bildiyim üçün əminəm ki, bu təhlükəli maddələrin istehsalına və ticarətinə son qoymaq mənəvi borcdur", - Papa Fransisk deyib. 

Papa bəyan edib ki, narkotikdən istifadə cəmiyyətləri yoxsullaşdırır və cəmiyyətin bütün təbəqələrinə ciddi ziyan vurur.

Narkotik istifadəsinin qanunlarla liberallaşdırılmasının  mübarizə yolu olmadığına diqqət çəkən Papa Fransisk, "Bəzi ölkələrdə təklif edildiyi və ya hal-hazırda tətbiq olunduğu kimi narkotik istifadəsinin liberallaşdırılması ilə narkotik asılılığının azalmasına nail olmaq mümkün deyil" deyə bildirib.

Papa iddia edir ki, narkomaniyaya qarşı “profilaktika yolu ilə” mübarizə aparılmalıdır.

Katoliklərin ruhani lideri vurğulayıb ki, onlar bu vəziyyətə biganə qala bilməzlər, çünki dünyada milyonlarla insan narkomaniya ilə üzləşir.