Ukrayna Belarus sərhədinə qoşun yığır: Kreml narahatdır

Kreml Ukraynanın Belarus sərhədində qüvvələrini artırdığı iddiası ilə bağlı açıqlama yayıb.

Sherg.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bu gün verdiyi açıqlamada bildirib ki, Ukraynanın Belarus sərhədindəki Jitomir vilayətinin şimalına daha çox əsgər, silah və hərbi texnika göndərməsi barədə xəbəri narahatlığa səbəb olub.

Ukrayna Sərhəd Mühafizə Xidmətinin sözçüsü bu gün verdiyi açıqlamada belə bəyanatların Rusiyanın dəstəklədiyi “informasiya əməliyyatı”nın tərkib hissəsi olduğunu və Kiyevin hər hansı “təxribatın” qarşısını almaq üçün qüvvələrini Belarus sərhədinə yaxın saxladığını bildirib.

Peskov bu gün jurnalistlərin sualına cavab olaraq, Belarusun Rusiya ilə birlik dövlətinin bir hissəsi olduğunu və Moskva ilə Minsk arasında, o cümlədən kəşfiyyat orqanları ilə sıx dialoqun olduğunu xatırladıb, Reuters xəbər verir.

Peskov belə cavab verib: "Müdafiə nazirliklərimiz də bir-biri ilə daimi təmasdadır. Təbii ki, bu, təkcə Minski deyil, həm də Moskvanı narahat edir, çünki biz həqiqətən müttəfiq və tərəfdaşıq".