Böyük Britaniyada parlament seçkiləri keçirilir

Böyük Britaniyada parlament seçkiləri keçirilir.

APA-nın “Telegraph”a istinadən xəbərinə görə, seçki məntəqələri yerli vaxtla səhər saat 07:00-dan etibarən açılıb.

Buna paralel olaraq seçkiöncəsi son rəy sorğusunun nəticələri də elan olunub. Belə ki, respondentlərin fikrincə parlamentin yeni tərkibində çoxluğa sağ-mərkəzçi leyboristlər yiyələnə biləcək. Bu isə mühafizəkarların 14 illik hakimiyyətinə son qoyulması mənasını ifadə edir.

Kir Starmer 2020-ci ildən sözügedən siyasi qanada liderlik edir. Baş nazir Rişi Sunakdan praqmatik yanaşması və təmkinli siyasi gedişləri ilə seçilən potensial namizəd 2015-ci ildən parlamentin üzvüdür. Seçki kampaniyası çərçivəsində o əsas diqqəti Krallıqda həyat səviyyəsinin aşağı düşməsi, eləcə də hökm sürən siyasi qeyri-müəyyənliklərə yönəldib.

Bir sıra ekspertlər əhalinin seçkidə iştirak ehtimalını 67 faizdən də aşağı qiymətləndirir.

Qeyd edək ki, səsvermə Krallıq üzrə 650 dairədə keçirilir. Çoxluğa yiyələnmək istəyən partiya bunun üçün qanunverici orqanda 326 yerə sahib olmalıdır.