Qərbdən Gürcüstan hökumətinə təzyiqlər artır
Gürcüstanın müdafiə naziri İrakli Çikovani ABŞ və Aİ-nin Gürcüstana hərbi yardımın ayrılmasının dayandırılmasına münasibət bildirib. Müdafiə naziri bu qərarın Gürcüstan üçün anlaşılmaz olduğunu və təəssüf doğurduğunu qeyd edib. O, hər iki tərəfin tezliklə öz qərarını dəyişəcəyinə ümid etdiyini vurğulayıb. Müdafiə naziri əlavə edib ki, ABŞ Gürcüstanla illik hərbi təlimləri dayandırsa da, iki ölkə arasında bir sıra digər formatlarda əməkdaşlıq davam edir. İrakli Çikovani Aİ-nin Sülh Fondundan Gürcüstan üçün ayrılmış vəsaiti dondurmaq qərarına bir daha baxacağına ümidvar olduğunu qeyd edib. Qeyd edək ki, ABŞ Gürcüstanla keçirdiyi “Noble Partner 2024” hərbi təlimlərini qeyri-müəyyən müddətə dayandırıb. Aİ isə Gürcüstan Müdafiə Qüvvələrinə ayrılması nəzərdə tutulan 30 milyon avronu dondurub. Buna səbəb Gürcüstan parlamentinin hakim partiyanın irəli sürdüyü “xarici agentlər” qanununu qəbul etməsidir.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Avropa İttifaqı Gürcüstanla inteqrasiya prosesini dayandırıb. ABŞ və Almaniya Gürcüstanla birgə hərbi təlimlərdən imtina edib. Ekspertin sözlərinə görə, Qərbdən Gürcüstan hökumətinə təzyiqlər artır:
"Amma "Gürcü Arzusu" geri çəkilmir. Qalmaqallı "Xarici agentlər haqqında" qanunu qəbul edərək, seçkilərə gedir. Gürcüstan hakimiyyətinin Qərblə əlaqələri aşağı salması iqtisadiyyata mənfi təsir edəcək. Avropa İttifaqı və ABŞ Gürcüstana sanksiyaları seçkilərə kimi inkişaf etdirəcək. Əsas məqsəd seçkilərdə hakim partiyanın qalib olmasının qarşısını almaqdır. Gürcüstan hakimiyyətinin anti-Qərb siyasəti birbaşa "boz kardinal" Bidzina İvanaşvilinin təlimatı əsasında həyata keçirilir. Görünür, Moskva ilə Abxaziya və Cənubi Osetiya məsələsində razılığa gəlməyə çalışır. Gürcüstan hakimiyyəti Qərbi Gürcüstandan tam çıxarır. Əvəzində Abxaziya və Cənubi Osetiya üzərində suverenliyini bərpa edir. Həmçinin Rusiyanın orbitinə daxil olur. Əgər Moskva Abxaziya və Cənubi Osetiya məsələsində Tbilisiyə söz veribsə, bu, söz olaraq qalacaq".