Böyük ehtimal sui-qəsddən sonra sabiq prezidentin tərəfdarlarının sayı artacaq
ABŞ-nin Pensilvaniya ştatında tərəfdarları ilə keçirilən aksiyada Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa qarşı sui-qəsd edilib. Qulağından yaralanan Tramp dərhal xəstəxanaya çatdırılıb. ABŞ-nin təhlükəsizlik güclərinin məlumatına görə, atəş açan 20 yaşlı Tomas Metyu Kruks zərərsizləşdirilib. Bəzi demokratlar hesab edir ki, ABŞ-nin keçmiş prezidenti Donald Trampa sui-qəsd onun prezident seçkilərində qalib gəlmək şansını artırıb. Demokrat Partiyasının məsləhətçisi lakonik olaraq deyib: “Prezidentlik yarışı başa çatdı”. “NBC” qeyd edib ki, qərarsız seçicilər çox güman ki, “rəğbətlə” Trampa səs verəcəklər. Digər tərəfdən, ABŞ Prezidenti Cozef Baydenin debatdakı fəlakətli çıxışı və Demokratlar Partiyasındakı qarışıqlıq respublikaçıların xeyrinədir. Donald Tramp ona qarşı sui-qəsd cəhdi haqda “Nyu York Post”a danışarkən deyib ki, ona AR-15 silahından atəş açılıb və həkimlər sağ qalmağını möcüzə adlandırıblar: “Xəstəxananın həkimi heç vaxt belə bir şey görmədiyini dedi, bunu möcüzə adlandırdı... Mən indi ölmüş olmalıydım”. Onun sözlərinə görə, qanunsuz miqrantlarla bağlı məlumatları oxumaq üçün başını bir az sağa çevirməsəydi, monitoru görmək üçün – red.) vəziyyət daha faciəli bitə bilərdi. O, hücumçunu bir güllə ilə məhv edən Məxfi Xidmətin işini fantastik adlandırıb: “Onlar fantastik iş gördülər... Onu alnının düz ortasından bir atəşlə öldürdülər”. Beynəlxalq hüquqşünas Klayn Preston deyib ki, ABŞ prezidentliyinə namizəd Donald Tramp sui-qəsd nəticəsində öldürülsəydi, bu, ölkədə qan tökülməsinə və vətəndaş iğtişaşlarına səbəb olardı: “Tramp ölsəydi, ölkə çox təhlükəli vəziyyətdə olardı, çünki biz indi son dərəcə parçalanmışıq”. Preston qeyd edib ki, bu, Trampın həyatına ilk real sui-qəsd cəhdidir: “Bunun sonuncu olduğu ortaya çıxsa, çox təəccüblənəcəyəm. Düşünürəm ki, hər şey yeni başlayır”. Prezident İlham Əliyev də Donald Trampa qarşı təşkil olunmuş sui-qəsdlə əlaqədar sosial şəbəkə hesablarında paylaşım edib: “Prezident Trampa qarşı edilən hücum şok və dəhşət doğurur. Biz bu siyasi zorakılıq aktını şiddətlə qınayırıq. Prezident Trampın tezliklə sağalmasını arzu edirik”.
Politoloq Turab Rzayev "Sherg.az"a açıqlamasında deyib ki, prezidentliyə namizədin və keçmiş dövlət başçısının bu şəkildə sui-qəsdə məruz qalması kifayət qədər ciddi hadisədir. Ekspertin sözlərinə görə, hadisə ilə bağlı fərqli mülahizələr gündəmə gətirilir:
"İlk növbədə bu sui-qəsdin arxasında Trampın rəqiblərinin, Demokrat Partiyasının olduğu iddia olunur. Trampın yenidən prezident seçilməsini və izolyasiya siyasəti yeritməsini istəməyən qüvvələr, ABŞ-nin dünya liderliyini qorumağa çalışanlar sui-qəsdin arxasındakı güclər kimi dəyərləndirilir. Tramp Avropa Birliyi və digər ölkələrlə inteqrasiya əleyhdarı idi. Həm də o, Rusiya ilə münasibətləri normallaşdırmağa çalışırdı. İlk ağla gələn odur ki, rəqib cinah Trampı fərqli üsullarla seçki yarışından uzaqlaşdırmağa çalışdılar. Sui-qəsdə kimi Trampa vergi üzrə cinayət işi açdılar, qərargah üzvlərini həbsə atdılar, önündə bir çox maneələr yaratdılar. Son olaraq da belə üsula atdılar. Digər versiya isə odur ki, sui-qəsdə cəhd edən şəxs fanatik də ola bilər. Tramp milli-irqi azadlıqlara qarşı siyasət ortaya qoyur, xüsusən miqrantlara qarşı sərt addımların atılmasının tərəfdarı kimi çıxış edir. Sui-qəsdçi onların bir nümayəndəsi də ola bilər. Ümumiyyətlə, ABŞ silahlanmış ölkədir. Ölkədə yüzminlərlə silah var. Orada silah əldə etmək və kiməsə hücum etmək heç də çətin deyil. Başqa bir məqam Trampın partiyadaxili müxalifətin hədəfində olmasıdır. Respublikaçılar Trampın namizədliyinin qarşısını ala bilmədilər, amma fiziki olaraq məhv etməyi bacarsaydılar, onun yerinə dəstəklədikləri fərqli namizədi çıxara bilərdilər".
T.Rzayevin fikrincə, haradan baxsaq, bütün hallarda sui-qəsd təşəbbüsü Trampın özünə xeyir gətirəcək hadisədir:
"Böyük ehtimal bundan sonra sabiq prezidentin tərəfdarlarının sayı artacaq. Qələbə şansı çoxalacaq. Tramp bu prosesdən güclü çıxdı. Bu da əlavə mülahizələrə səbəb olmaqdadır. Bəziləri bunun əvvəlcədən düşünülmüş ssenari olduğunu iddia edirlər. Amma bu, o qədər də inandırıcı görünmür, çünki ani səhv Trampın ciddi yaralanmasına, hətta ölümünə səbəb olardı. İstənilən halda dünya ictimaiyyəti qarşısına belə bir olayın yaşanması təkcə ABŞ üçün yox, beynəlxalq siyasi mühit üçün yaxşı heç nə vəd etmir. Bu hadisə ABŞ-də qütbləşmənin böyüyəcəyini göstərir".