Ermənistanda ilk dəfə əhalinin sayı artıb

Səbəblərdən biri Rusiya və Ukraynadan erməni millətindən olan vətəndaşların kütləvi şəkildə ölkəyə qayıtmasıdır

Qarabağdan köçən ermənilərin sayı Ermənistanda əhali sayının artmasına ciddi təsir göstərəcək qədər çox deyildi

  Ermənistan əhalisinin sayı 2024-cü ilin 1 yanvarından 2,99 milyon nəfərə çatıb.
Bu məlumatı “Joxovurd” qəzeti yayıb. Qəzet bildirib ki, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 53 min nəfər çoxdur. Məlumata görə, əhalinin yeni statistikasına Qarabağdan Ermənistana köçənlər də əlavə edilib: “Paşinyanın irəli sürdüyü “Ermənistanın 2050-ci ilə qədər yenidən formalaşdırılması strategiyası”na görə, Ermənistan əhalisi 5 milyon nəfərə çatmalıdır. Belə çıxır ki, Paşinyan əhalinin artım prosesini qeyri-leqal şəkildə reallaşdırır. Başqa sözlə, Paşinyanın arzuladığı əhali artımı doğum sayının yüksəlməsi ilə yox, Qarabağ sakinlərinin məcburi qeydə alınması ilə reallaşdırılır”. Qeyd edək ki, Paşinyan bundan öncə Qarabağ ermənilərinin Ermənistanda qalmasının tərəfdarı olduğunu bildirib. Üstəlik, Qərb beynəlxalq təşkilatları Ermənistana bu ermənilərin cəmiyyətə inteqrasiyası üçün vəsait ayırmağa başlayıb.
  Jurnalist-araşdırmaçı Asəf Quliyev “Sherg.az"a açıqlamasında deyib ki, Qarabağdan köçən ermənilərin sayı Ermənistanda əhali sayının artmasına ciddi təsir göstərəcək qədər çox deyildi:

“Ermənistanda əhalinin azalması sosial-iqtisadi problemlərdən qaynaqlanırdı. Lakin Paşinyan hökumətinin son illərdə Avropadan aldığı dəstək sayəsində kasıb təbəqəsinin durumunda müəyyən qədər dirçəlmə baş verib. Bu da ölkəni tərk edən ermənilərin geri qayıtmasına səbəb olub.
Antiterror əməliyyatlarından sonra Qarabağdan Ermənistana üz tutan ermənilərin sayı 50 min nəfər civarında idi. Onların Ermənistan vətəndaşı kimi qeydiyyata alınıb-alınmaması barədə də məndə dəqiq bir məlumat yoxdur. Ermənistan Konstitusiyasındakı qeyri-müəyyənliklər səbəbindən Qarabağdan köçən ermənilərə “qaçqın” statusu da vermək olmur. Qeyd etdiyim kimi, qeydə alınan artımlar müxtəlif ölkələrə üz tutan ermənilərin geri qayıtması səbəbindən ola bilər. Bu baxımdan da növbəti illərdə Ermənistan əhalisinin sayında kəskin bir artım olacağını da zənn etmirəm”.
  Politoloq Qabil Hüseynli isə qeyd edib ki, Ermənistanda uzun illərdən sonra ilk dəfə olaraq əhalinin təbii artımı müşahidə olunub. Bu da Ermənistana Rusiya və Ukraynadan erməni millətindən olan vətəndaşların kütləvi şəkildə gəlməsi, həmçinin 2023-cü ilin sentyabrına qədər Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əhalinin köçürülməsi ilə bağlı ola bilər: “Lakin Ermənistandan əhalinin xaricə axını artıq çox ciddi rəqəmlərlə özünü büruzə verir. Hər il ölkəni tərk edən və geri dönməyənlərin sayı durmadan artır.
  BMT-nin hesablamalarına görə, yaxın illərdə Ermənistan əhalisinin sayı azalacaq və ölkə 2050-ci ilə qədər 2,6 milyon nəfərlik ilkin proqnozu yerinə yetirə bilsə, bu, yaxşı nəticə olacaq. Maraqlısı odur ki, yaşadığı yeri birdəfəlik tərk edən ermənilər arasında cavanlar və əməkqabiliyyəti olan şəxslər üstünlük təşkil edir. Bu isə erməni dövlətinin həm gənc nəslin azalmasına, həm əməkqabiliyyətli şəxslərin ölkəni tərk etməsinə, həm də təbii artıma mənfi şəkildə təsir etməsi ilə təhlükə yaradır. Əgər bir neçə il əvvəl əsasən regionlarda, ucqarlarda və sərhədyanı ərazilərdə yaşayan yerli əhali ölkəni tərk edirdisə, bu gün artıq iri şəhərlər və paytaxt İrəvan da ciddi miqrasiya ilə üzləşib. İlin əvvəllərində İrəvan küçələrində aparılan sorğu nəticəsində şəhər sakinlərinin 46 faizi ölkəni birdəfəlik tərk etmək arzusunda olduğunu qeyd etmişdi. Sosial problemlər, daim hökumət tərəfindən incidilmə, aksiyada iştirak edən şəxslərin həbs edilməsi, sosial müavinətlərin azaldılması, məskunlaşma problemi erməniləri ölkəni tərk etməyə vadar edir. Ermənistandakı müxalifət nümayəndələrinin iddiasına görə, 2023-cü ilin sentyabr ayında könüllü şəkildə Qarabağı tərk edərək Ermənistana üz tutanların da artıq bir qismi Ermənistanı tərk edib. Bu rəqəmin 20 mindən çox olduğu, hətta qarşıdakı illərdə ciddi şəkildə artacağını da istisna etmirlər”.