Tarixi gün: Azərbaycanın təbliğatı önəmlidir

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi
Diaspor təşkilatları bütün imkanlarını səfərbər etməlidirlər

Dünyaya göstərməliyik ki, Azərbaycan COP29-a ev sahibliyi etməyə layiqdir və qadirdir

  Ölkəmizdə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransının 29-cu Sessiyası - COP29-a hazırlıqlar davam edir. Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi də imkanlarını səfərbər edib. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diaspor təşkilatlarımız COP29-a ev sahibliyi edəcək Azərbaycan haqqında obyektiv məlumatların çatdırılmasında üzərinə düşən vəzifəni yerinə yetirməyə çalışır. Xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələr də diaspor təşkilatlarının fəaliyyətinə dəstək olur. Şotlandiyanın Qlazqo Universitetində təhsil alan azərbaycanlı tələbələrin təşkilatçılığı ilə “Yaşıl gələcək” (“Green Future”) adlı tədbir keçirilib. Xarici tələbələrin də iştirak etdiyi tədbirdə noyabrda Azərbaycanda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransının 29-cu Sessiyası - COP29 çərçivəsində indiyə qədər görülən və bundan sonra həyata keçiriləcək işlər haqqında məlumatlar verilib, videolar göstərilib. Tədbirdə UNEC Empirik Araşdırmalar Mərkəzinin direktor müavini, Qlazqo Universitetinin tələbəsi Nicat Muradzadə videotəqdimatla çıxış edib və ətraf mühitin qorunmasının ölkəmizin prioritet vəzifələrindən olduğunu deyib. Eyni zamanda ekoloji maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin əhəmiyyətini qeyd edib, işğaldan azad olmuş bölgələrdə yaşıllığa, təbiətə diqqət və qayğı göstərilməsini vurğulayıb. Daha sonra Kalqari Universitetinin müəllimi Səbinə İsgəndərova, Azərbaycan Bərpa Olunan Enerji Agentliyinin (AREA) direktor müavini Kamran Hüseynovun çıxışları dinlənilib. Tədbirdə Azərbaycanın müxtəlif bölgələrinin yaşıllığını, təbiətini əks etdirən şəkillər nümayiş olunub. Tədbirin sonunda isə hər kəsə yaşıl dünya naminə simvolik olaraq gül və bitki toxumları hədiyyə edilib.
  Kanadanın Toronto Universitetində də “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində forum keçirilib. Forum Kanadada fəaliyyət göstərən “Vətən” Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzi, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) və Azərbaycanlı Tələbələr Assosiyasiyasının birgə təşkilatçılığı ilə baş tutub. 100-ə yaxın gəncin iştirak etdiyi forumda giriş sözü ilə çıxış edən Milli Məclisin deputatı, COP29 üzrə Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu (UN Climate Change High-Level Champion) Nigar Arpadarai ekoloji proseslərdə gənclərin rolu və təhsilin əhəmiyyəti, ictimaiyyətin iştirakı, korporativ məsuliyyət kimi mövzulardan danışıb, COP29-un iqlim dəyişikliyinin azaldılmasına və yaşıl təcrübələrin təşviqinə yönəlmiş qlobal təşəbbüslərin təşviqində Azərbaycanın fəal rolunu vurğulayıb. Panel müzakirəsi formatında davam edən tədbirdə Məsud Əfəndiyev, Feridun Hamdullahpur, İlqar Məmmədov, Vasim Çaudri, Cudi Kong, İbrahim Dincer, Əminə Salmanova, Ulduz Rəhimov və Ali Eslami kimi professor və ekspertlər yaşıl enerji, təbiət, biomüxtəliflik və qlobal dünyamızın qorunması, eləcə də iqlim dəyişikliyinin sağlamlığa olan zərərlərinin prioritet sahələr kimi nəzərdə saxlanılması, BMT-nin davamlı inkişaf məqsədlərinin həyata keçirilməsində ətraf mühitin əhəmiyyəti və COP29-la bağlı mövzular ətrafında müzakirələr aparıblar. Qeyd olunub ki, COP29 beynəlxalq konfransının Azərbaycanda - Bakıda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu, bütün dünya ölkələrinin Azərbaycana növbəti dəfə yüksək etimad və hörmətinin göstəricisidir. Forumda eyni zamanda COP29 tədbirinin ölkəmizdə keçirilməsinin gənclər üçün yaratdığı imkanlar, beynəlxalq miqyasda gənclər arasında birgə təşəbbüs və əməkdaşlığın vacibliyi barədə fikir mübadiləsi aparılıb, ekspertlər tərəfindən suallar cavablandırılıb. Kanadadakı diaspor təşkilatlarımız fəallığı ilə seçilir, müxtəlif sahələr üzrə tədbirlər keçirərək ölkəmizin daha yaxından tanıdılmasına dəstək olurlar. Monreal şəhərində fəaliyyət göstərən "Notre-Dame-de-Grâce" və İcma Qida Mərkəzinin (Community Food Center Depot) təşkilatçılığı ilə “Saveurs du Monde” (Dünyanın ləzzətləri) layihəsi çərçivəsində dünyanın müxtəlif xalqlarının milli mətbəxlərindən nümunələrin hazırlanması prosesi nümayiş etdirilib. Monreal Kanada-Azərbaycan Cəmiyyətinin rəhbəri və təsisçisi Rəna Müslümova və cəmiyyətin fəal üzvü Mahizər Abdullayeva layihə çərçivəsində Şah plovu və onun ərsəyə gəlməsi prosesini göstəriblər. Soydaşlarımız, həmçinin Azərbaycanın zəngin mətbəxi, tarixi, coğrafiyası haqqında iştirakçılara ətraflı məlumat veriblər. Diaspor təşkilatlarımız Polşada da fəaldır. Polşanın Krakov şəhərində yerləşən Azərbaycan Evində Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Xarı Bülbül” Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “Python” proqramlaşdırma kursu yekunlaşıb. Aprelin 24-dən başlayan dərslər əyani və onlayn şəkildə davam edib. Kurs müddətində tələbələr təməl proqramlaşdırma biliklərinə yiyələnib və sonda imtahan verərək kursu bitiriblər. Kurs müddətində dərslərdə davamlı iştirak edən və müsbət nəticə göstərən tələbələrə Assosiasiya tərəfindən sertifikatlar təqdim olunub. Təlimlər tələbələr tərəfindən yüksək qiymətləndirilib. Dərslər təlimçi Tural Vəliyev tərəfindən tədris olunub. İtalyanın Bolonya Universitetində və Polşanın WSB Universitetində təhsil almış Tural Vəliyev hazırda Polşada yerləşən aparıcı qlobal şirkətlərdən biri olan “State Street” şirkətində çalışır. Qeyd edək ki, Krakovda yerləşən Azərbaycan Evində Polşada yaşayan soydaşlarımız üçün davamlı olaraq müxtəlif mövzularda tədbir və layihələr təşkil olunur. Hazırda Azərbaycan Evində Polyak dil kursu da davam etməkdədir.
  Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətində Yay Düşərgələrinin təşkili, müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının dəvətiylə Azərbaycana, xüsusən də işğaldan azad edilmiş ərazilərə digər xalqların nümayəndələrinin səfərlərinin təşkili də əsas yer tutur. Komitənin məlumatına görə, “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin 5-ci Yay Düşərgəsi 2024-cü ilin 1-7 avqust tarixində Laçında təşkil olunacaq. Məlumatda bildirilir ki, “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin 5-ci Yay Düşərgəsinə ötən illərlə müqayisədə rekord həddə müraciət qeydə alınıb. Düşərgədə iştirak üçün 60-dan çox ölkədən diaspor gənclərinin və Azərbaycana dost münasibəti bəsləyən gənclərin müraciəti daxil olub. Hazırda düşərgədə iştirak edəcək gənclərin seçim prosesi gedir. Qeyd edək ki, müraciətlərin sayının çoxluğu bir tərəfdən layihənin nüfuzunun artmasının, digər tərəfdən xaricdə yaşayan gənclərimizin işğaldan azad olunmuş əraziləri görmək istəyinin nəticəsidir. Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə bu günə kimi Diaspor gənclərinin Şəki, Şamaxı, Şuşa və Naxçıvan şəhərlərində 4 yay düşərgəsi təşkil olunub. Bundan əvvəlsə Qazaxıstanda fəaliyyət göstərən diasporumuzun rəhbərlərindən və fəallarından, qardaş xalqın təmsilçilərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfər çərçivəsində işğaldan azad olunmuş Füzuli və Şuşaya səfəri təşkil olunmuşdu. Füzuliyə gedərkən qonaqlar yolboyu erməni barbarlığının təcəssümü olan dağıdılmış, viran qoyulmuş kəndləri görüb vandalizm aktlarını pisləyiblər. Qonaqlara rayonda aparılan yenidənqurma, təmir-bərpa işləri haqqında ətraflı məlumat verilib. Onlar aparılan yenidənqurma və təmir-bərpa işlərini təqdir ediblər. Nümayəndə heyətinin ölkəmizə səfərinin şüarına uyğun olaraq “Prezidentlərin izi ilə!” hərəkət edən qonaqlar Füzuli rayonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin açılışını etdiyi Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinə gəliblər. Mərkəzin 3D modelləşdirmə, səsyazma studiyası, kompüter, musiqi, xalçaçılıq və digər yaradıcılıq otaqları ilə tanış olan nümayəndə heyəti uşaqlar üçün yaradılmış imkanları yüksək qiymətləndiriblər. Nümayəndə heyəti daha sonra Şuşaya yola düşüb. Burada da erməni qəsbkarlarının 30 illik işğal dövründə törətdiyi vəhşiliklərdən sonra aparılan bərpa və yenidənqurma işləri ilə tanış olublar. Onlar “Güllələnmiş heykəllər” abidəsi, Yuxarı Gövhər Ağa məscidi, İsa Bulağı, Vaqifin məqbərəsi, Cıdır düzü və digər görməli yerləri ziyarət ediblər. Heyət tərəfindən Cıdır düzündə böyük ölçülü bayraq açılaraq dalğalandırılıb və xatirə şəkli çəkdirilib. Bu tədbirlər, səfərlər ölkəmizin tanıdılmasına, Azərbaycan haqqında obyektiv rəy yaranmasına xidmət etməklə yanaşı, diaspor təşkilatlarımızın həmrəyliyini də artırır. Soydaşlarımızın həmrəyliyi isə ölkəmiz üçün vacib faktordur.