Çirklənmiş su və qida məhsullarından keçir
“Uşaqlar arasında rotavirus yayılıb. Daha çox 5 yaşına qədər uşaqlarda müşahidə olunur. Virusla çirklənmiş su və qida məhsullarından keçir”.
Bu sözləri “Sherg.az"a açıqlamasında pediatr Vaqif Qarayev deyib.
Həkimin sözlərinə görə, bu virusun yayılmasında mövsümilik var. Əsasən uşaqların mədə-bağırsaq traktını zədələyir:
“Hərarət yüksəlir, təkrar qusmalar, davamlı ishal müşahidə olunur. Bəzən xəstəlik haminin tanıdığı qrip kimi başlaya bilər. Ağır hallarda uşaq orqanizmində susuzlaşma gedir.
Orqanizm çoxlu maye itirərsə, vəziyyət ciddiləşir. Özünümüalicə düzgün deyil. Mütləq həkimə müraciət edilməlidir. Xüsusən maye qəbul edə bilməyən uşaqlar həkim nəzarətində olmalıdır. 6 ayadək uşaqlar isə ilk gündən həkim nəzarətində olmalıdırlar.
Xəstəlik 3-7 günə qədər davam edir, sonra isə düzgün müalicə nəticəsində sağalma ilə nəticələnir. Bu xəstəlikdə antibiotiklərdən istifadə olunmur! İstifadə etsəniz vəziyyət daha da ağırlaşacaq! İlkin yardım kimi uşağa duzlu məhlul vermək olar.
Ciddiyə alınması vacib xəstəlikdir. Xəstəlikdən qorunmaq üçün gigiyena qaydalarına riayət etmək, əlləri tez-tez yumaq, meyvə və tərəvəzləri yuyulmadan istifadə etməmək lazımdır”.