O, seçkilərə qədər öz maraqlarını, Rusiyanın direktiv və təlimatlarını təmin etmək üçün müxtəlif informasiya əməliyyatlarını həyata keçirir
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" Partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişviliyə və siyasi təşkilatın digər yüksəkvəzifəli şəxslərinə qarşı terror aktının hazırlanması ilə bağlı cinayət işini araşdırır. Gürcüstanın “İmedi” telekanalı məlumat yayıb ki, məhkəmə bir neçə gündür bu iş üzrə insanları dindirir. Onların əksəriyyəti Ukraynada döyüşmüş muzdlulardır.
Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a deyib ki, Gürcüstanda parlament seçkisi yaxınlaşdıqca siyasi elitada parçalanmalar və dövlətin strukturlarında Qərbə inteqrasiya tərəfdarları ilə Rusiyaya meyilli qüvvələr arasında güc qarşıdurması getdikcə böyüməkdədir. Ekspertin sözlərinə görə, prosesləri idarəetmə pultunu əlinə almış "boz kardinal" B.İvanişvili seçkilərə qədər öz maraqlarını və Rusiyanın direktiv və təlimatlarını təmin etmək üçün müxtəlif informasiya əməliyyatlarını həyata keçirir:
"Gürcüstanda yayılan məlumata görə, gürcü legionunun bir neçə əməkdaşı axtarışa verilib. Onlar Ukraynada döyüşən muzdlu gürcülərdir və 300-ə yaxın muzdlu gürcünün axtarış siyahısında olduğu deyilir. Bununla da, İvanişviliyə qarşı həyata keçirilməsi planlaşdırılan sui-qəsdlə əlaqəli məsələlər önə çəkilir. Gürcü legionunun əməkdaşları - muzdluları İvanişviliyə qarşı sui-qəsd və terror törətməkdə ittiham olunurlar. Bəs bu informasiyaların əsası varmı? Məsələ ondadır ki, gürcü legionunun hərbçiləri əsasən Qərbin təlimatları ilə hərəkət edirlər. Rusiyanı hiddətləndirən də budur".
Analitikin fikrincə, Gürcüstanla Rusiya arasında sövdələşmə kartlarını gücləndirmək üçün Moskva müəyyən şərtlər irəli sürə bilər: "Şərtlərdən biri də həmin legionların əməkdaşlarının həbs olunmasıdır. Ona görə də İvanişvili sui-qəsd nəzəriyyələrinə müraciət edir və bu tip informasiyaları dövriyyəyə buraxır. Ancaq Rusiya daha böyük güc balansının yaranması üçün narrativlərə baş vurur. Moskva Qərbin Gürcüstan vasitəsilə Rusiyaya əlavə cəbhə açmaq niyyətini qabardır. Bu, Rusiyanın Qərbin sıxışdırmaq üçün həyata keçirdiyi təbliğatın tərkib hissəsidir. Amma bu o demək deyil ki, gürcü legionunun əməkdaşları hansısa fəaliyyət həyata keçirə bilməzlər. Gürcüstanda Rusiyanın mövqeləri İvanişvili vasitəsilə getdikcə güclənməkdədir. Ona qarşı müəyyən fəaliyyət planlarının dövriyyədə olması başadüşüləndir".