- “Şimali Kiprin tanınmaması Ankara-Brüssel xəttində böhranın əsas səbəbidir”
Türkiyə ilə Avropa İttifaqı arasında münasibətlər son illərdə həm regional təhlükəsizlik məsələləri, həm də siyasi fikir ayrılıqları fonunda mürəkkəb mərhələdən keçir. Ankara Aİ-yə tamhüquqlu üzvlüyü hələ də strateji məqsəd kimi qoruduğunu bəyan etsə də, üzvlük danışıqları uzun müddətdir faktiki olaraq dayanıb. Buna baxmayaraq, enerji təhlükəsizliyi, miqrasiya, müdafiə, Yaxın Şərqdəki böhranlar və Rusiya-Ukrayna müharibəsi kimi mövzular tərəfləri əməkdaşlığı davam etdirməyə vadar edir. Məhz belə bir dövrdə Türkiyə xarici işlər naziri Hakan Fidan Avropa İttifaqını Ankara ilə münasibətləri obyektiv meyarlar və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf etdirməyə çağırıb. Fidanın sözləri Avropa Komissiyasının yüksək səviyyəli nümayəndələrinin Ankaraya səfəri fonunda səslənib və bu görüşlər tərəflər arasında dialoqun canlandırılması baxımından diqqət çəkib. Bəs bu təmaslar Türkiyə-Aİ münasibətlərində yeni mərhələnin başlanğıcı ola bilərmi?
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Sherg.az-a bildirib ki, Kipr mövzusu iki tərəf arasında ən böyük maneələrdən biridir:
“Türkiyənin Şimali Kipri dəstəkləməsi normal bir haldır. Amma Avropa İttifaqı tərəfindən Şimali Kipr Türk Cümhuriyyətinin tanınmaması münasibətlərə ciddi zərbə vurur. Digər mühüm məqam ondan ibarətdir ki, Avropa İttifaqının institutları Türkiyəni Kopenhagen meyarlarına uyğun hesab etmir. Bu da tərəflər arasında bərabərhüquqlu münasibətlərə mənfi təsir göstərir. Eyni zamanda, Avropa İttifaqına üzv bəzi ölkələr, xüsusilə Fransa və Avstriya, Türkiyəyə qarşı sərt mövqe nümayiş etdirirlər”.
Ekspert qeyd edib ki, burada konsensus tələb edən qərar qəbuletmə mexanizmi də var:
“Yəni 27 üzv ölkənin razılığı lazımdır. Bir ölkə veto qoyarsa, proses mümkün olmur. Hakan Fidanın obyektiv meyarlar və ayrı-seçkilik olmadan münasibətlər qurulması ilə bağlı çağırışı o deməkdir ki, tamhüquqlu üzvlük olmasa belə, tərəflər praqmatik əməkdaşlıq sərgiləsinlər. Enerji təhlükəsizliyi, müharibəyə münasibət, miqrasiya böhranı kimi sahələrdə ortaq əməkdaşlıq mümkün ola bilər. Ona görə də hazırda iki tərəf arasında müəyyən qərəz var və bu qərəzə yenidən baxılmalıdır. Bu görüşün real dönüş nöqtəsi olduğunu demək çətindir, amma müəyyən irəliləyiş üçün fürsət sayıla bilər. Hazırda Avropa İttifaqının genişlənmə siyasəti daha çox Ukrayna, Moldova və Qərbi Balkan ölkələrinə yönəlib. Lakin Türkiyə məsələsi də gündəmdə qalır. Əsas suallar bunlardır: Türkiyə ilə Avropa İttifaqı arasında viza rejimi sadələşəcəkmi? Yaxın Şərq və digər regional problemlərlə bağlı birgə layihələr həyata keçiriləcəkmi? Məsələn, Yaxın Şərqdən gələn miqrant axınının qarşısı necə alınacaq?”.