Bu qrupun buraxılması barədə birgə bəyanatı sülh sazişindən öncə də imzalamaq olar
Ermənistan hökumətinin əsas istəklərindən biri budur ki, Azərbaycan Ordusu şərti sərhəddəki strateji yüksəkliklərdən geri çəkilsin. Əlbəttə, bu, mümkün deyil. Birincisi, sərhədin müəyyənləşməsi prosesi illərlə uzanacaq və bu, sülh sazişindən ayrı aparılan danışıqlar prosesidir. İkincisi, Azərbaycan Ordusunun nəzarət etdiyi strateji yüksəklikləri “Minsk Qrupundan imtina” bəndi ilə tərəzinin eyni gözünə qoymaq olmaz, birinci dəfələrlə ağır gələcək. Ermənistan Xarici İşlər Nazirliyinin “ATƏT-in Minsk qrupunun məsələsinə sülh müqaviləsinin imzalanması kontekstində baxıla bilər” açıqlamasından bu qənaətə gəlmək olar ki, rəsmi İrəvan “Minsk qrupu” məsələsində israr etmir. Sadəcə, birtərəfli güzəşt kimi olmasın deyə bu mövzunu danışıqlarda rəsmi Bakı ilə alver predmetinə çevirmək istəyir. Yəni demək istəyirlər ki, “biz Sizin istəyinizə uyğun olaraq Minsk qrupundan imtina etsək, bunun qarşılığında bizim istəklərimizdən birini yerinə yetirməlisiniz”. Ermənistanın Minsk qrupundan imtina etməməsinin Azərbaycana böyük zərəri yoxdur. Strateji yüksəkliklər isə bizə Ermənistan üzərində böyük üstünlük qazandırıb, bundan imtina mümkün deyil. Ermənistan hökuməti Azərbaycanla sülh sazişi imzalamaq istəyirsə, Konstitusiyasında ölkəmizin ərazi bütövlüyünə iddianı əks etdirən bəndlərdən imtinaya hazırlaşmalıdır. Bizim üçün konseptual məsələ budur.
Politoloq Əlisahib Hüseynov "Sherg.az"a açıqlamasında deyib ki, rəsmi İrəvan sülh müqaviləsinin imzalanmasını yubatmaq və vaxt qazanmaq üçün ən ağlasığmaz vasitələrə və variantlara əl atır. Ekspertin sözlərinə görə, Ermənistan Xarici İşlər Nazirliyinin Minsk qrupunun ləğvi məsələsi ilə bağlı ikibaşlı açıqlama da bu qəbildəndir:
"Ermənistan xarici siyasət idarəsinin açıqlaması qeyri-peşəkar diplomatiyanın təzahürüdür. Aydındır ki, rəsmi İrəvan bu mövqeyi ilə, necə deyərlər, öz “qiymət”ini qaldırmağa, danışıqlar prosesində əlini gücləndirməyə çalışır. Həmçinin Azərbaycanın qarşısında hansısa şərtlər irəli sürərək “bazarlıq” etməyə, müəyyən güzəştlərə nail olmağa çalışır. Lakin Ermənistan tərəfi unudur ki, ATƏT-in Minsk qrupunun formal mövcudluğunu davam etdirməsi Azərbaycan üçün prinsipial əhəmiyyət kəsb etmir. Bu təsisat onsuz da çoxdan amorf, ölü quruma çevrilib".
Siyasi şərhçinin sözlərinə görə, həmsədrlik institutunun fəaliyyətini davam etdirməsi üçün heç bir əsas yoxdur: "Azərbaycan və Ermənistan arasında "Dağlıq Qarabağ" adlı problem artıq mövcud deyil. ATƏT-in Minsk qrupu da vaxtilə məhz bu problemin həlli prosesində tərəflər arasında vasitəçilik etmək üçün yaradılmışdı. Bu gün İrəvan və Bakı heç bir vasitəçiyə ehtiyac olmadan da, ikitərəfli formatda razılaşmalar əldə edə bilir. Ona görə də İrəvan öz havadarlarının (ilk növbədə isə Fransa və ABŞ-nin) növbəti geosiyasi avantüralarına qoşularaq çoxdan gündəmdən çıxmış ATƏT-in Minsk qrupu kimi bivec qurumun reanimasiyasına və xortlamasına imkan verməməlidir. İrəvan sülh sazişini erməni xalqının gələcəyi üçün zəruri hesab edirsə, Minsk qrupu üzərindən aparılan kirli oyunlardan uzaq durmalıdır. Minsk qrupunun buraxılması üçün sülh sazişini gözləmək lazım deyil. Bu qrupun buraxılması barədə birgə bəyanatı sülh sazişindən öncə də imzalamaq olar. İrəvan düzgün qərarlar qəbul etməyi öyrənməlidir".