Finlandiyanın Rusiya ilə sərhəd yaxınlığındakı Mikkeli şəhərində NATO-nun 4-5 min əsgərdən ibarət zirehli briqadası yaradılacaq. Bu barədə “İltalehti” qəzeti məlumat yayıb. Məlumata görə, müvafiq qərar yaxın günlərdə elan ediləcək.
Qeyd edək ki, dünən Finlnadiyanın öz ərazisində NATO qoşunlarını yerləşdirmək məqsədilə alyansın bir neçə üzvü ilə danışıqlar aparması barədə məlumat yayılmışdı.
Mövzu ilə bağlı “Sherg.az”a danışan Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov söyləyib ki, Finlandiyanın NATO-ya inteqrasiyası uzun müddətdir elan edilib:
“Rusiya Finlandiya ilə münasibətlərdə kəskin konfrantasiya vəziyyətindən hər zaman çəkinib. Eyni zamanda Finlandiyada da müxtəlif hakimiyyətlər dönəmində Rusiya ilə münasibətlərdə açıq ziddiyyətlərə getmək yerinə qarşılıqlı əməkdaşlıq variantına üstünlük verilib. Bu baxımdan da Finlandiya NATO-ya inteqrasiyasının Rusiyanı narahat etməyəcəyi formasını seçib. Rusiya tərəfindən verilən bəyanatların tonuna və məzmununa baxdıqda Finlandiyanın NATO-ya yönəlməsinə o qədər də kəskin yanaşmadığını görürük. Finlandiya və Rusiya arasında rəsmi şəkildə və pərdə arxasında imzalanan centlmen razılaşmalar var. İndiyə qədər nə Finlandiya, nə də Rusiya tərəfindən həmin əlaqələrin pozulmasını müşahidə etməmişik”.
Ekspert qeyd edib ki, NATO-nun 4-5 min əsgərdən ibarət zirehli briqadasının Finlandiyanın Rusiya sərhədində cəmləşməsi ilə bağlı məsələ reallıq doğurursa, həmin zaman rəsmi Kremlin daha sərt diplomatik üslubdan istifadə edəcəyini düşünürəm:
“Amma Finlandiyada hansısa qoşunun toplanması Rusiya və NATO arasında geniş müharibəyə səbəb olmayacaq. Ümumiyyətlə bu addım Finlandiyanın Rusiyaya hərbi eskolasiya riskini yaratmır. Sadəcə olaraq diplomatik səviyyədə qarşılıqlı şəkildə Rusiyanın Finlandiyadakı səfirinin geri çağrılması kimi addımlar atıla bilər. Eyni zamanda Finlandiyanı. müxtəlif diplomatik korpuslarının və siyasi institutlarının Rusiya əleyhinə bəyanatlarını görə bilərik".