“Qiyamət balığı” 1 ay əvvəl üzə çıxıb

Zəlzələnin xəbərçisi 

Alimlər zəlzələnin dəqiq proqnozlaşdırılmasının qeyri-mümkün olduğunda israr etsələr də, bir çox təbiət hadisələri, canlıların davranışı zəlzələ xəbərçisi ola bilir. Hətta elə canlılar var ki, adlarıyla zəlzələ xəbərçisi olduqlarına işarə edirlər. Yaponiyada hər dəfə zəlzələ öncəsi suyun səthinə çıxan balıq məhz bu səbəbdən “Qiyamət balığı” adını alıb. Bu balıq nə zaman dəniz səthində görünürsə, az müddət keçmiş zəlzələ baş verir. “Qiyamət balığı” 2 min 500 ildir “zəlzələ xəbərçisi” vəzifəsini “icra edir”. “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, qədim zamanlardan indiyədək Ay, Günəş tutulmalarının zəlzələ xəbərçisi olduğu söylənsə də, bu, elmi təsdiqini tapmayıb. Lakin itlərin ulaması, atların dırnaqları ilə yeri eşməsi, qarışqaların yuvalarını tərk etməsi, pişiklərin güclü qoxualma qabiliyyəti ilə atmosferdə başlayacaq dəyişikliyi hiss etməsi zəlzələ xəbərçisi hesab edilir. Lap qədim zamanlardan insanların inandığı daha bir əlamət isə “Qiyamət balığı”nın dəniz səthində görünməsidir. Ona “zəlzələ balığı” da deyilir. Bu balıq ilan balığı növündəndir, incə, uzun formalıdır. Türkiyənin Kocaeli Universitetinin Geofizika Mühəndisliyinin təqaüdçü müəllimi, professor Uğur Kaynak, balıqların zəlzələ ilə bağlantısı haqqında danışıb. Professor qeyd edib ki, Tayvanda 2024-cü il aprel ayının 3-də səhər saatlarında güclü zəlzələ baş verib. Bu zəlzələnin baş verəcəyini bildirən əlamət isə 30 gün əvvəl özünü göstərib. Balıqçılar dənizdə indiyədək görmədikləri iri balıq tutub. Onu sahilə çıxardıqlarında isə balığın hansı məna daşıdığını bilib heyrətə gəliblər. Yapon mifilogiyasında bu balıq “qiyamət balığı” adlanır. Və o, zəlzələ xəbərçisi hesab edilir. Zəlzələ xəbərçisi deyilsə, 250-1000 metr dərinliklərdə üzən kürək balığı niyə suyun üzünə çıxır ki? Bu balıqların uzunluğu 11 metrə çatır. Yaponlar bu balığı “dəniz tanrısının sarayından gələn xəbərçi” hesab edir. Qədim zamanlara aid balıq 2011-ci ildə təkrar dəniz səthinə çıxıb. Bu, Tohoku zəlzələsindən bir neçə ay öncə olub. Balığın bir neçə ay sonra baş verəcək 9.1 bal zəlzələni xəbər verdiyinə inanılır. Zəlzələdən bir neçə ay əvvəl 20-yə yaxın kürək balığı dəniz sahilinə tökülüb. Həm də təkcə Yaponiyada deyil, Amerikada da onlara rast gəlinib. Balıqların sahilə vurmasından 2 gün sonra Los-Ancelesdə 4.6 bal  gücündə zəlzələ baş verib. Professor bildirib ki, zəlzələnin xəbərçisi təkcə balıqlar, itlər, atlar, qarışqalar deyil. Təbiətdə ümumilikdə 20-30 əlamət var ki, onlar zəlzələnin xəbərçisi sayılır. Güclü zəlzələlər öncəsi canlıların ionosferdə baş verən dəyişiklikləri duyur. Zəlzələ öncəsi quyularda, dənizlərdə sular isinir. 100-ə yaxın əlamət saymaq mümkündür. Əlamətlər zəlzələnin böyüklüyünə görə fərqli ola bilər. Bəzən əlamətlər bir neçə gün, bəzən də bir neçə ay öncədən özünü göstərir. İndi zəlzələnin səsini qeydə alan xüsusi cihazlar  var. Məsələn, Türkiyədə Mərmərə dənizi və Egey dənizində belə cihazlar quraşdırılıb.