Belə zamanda Pezeşkianın İraqa səfəri mümkün müharibə zamanı İraqın mövqeyinin və dəstəyinin hansı şəkildə olacağını aydınlaşdırmağa hesablanıb
İranın yeni Prezidenti Məsud Pezeşkian vəzifəsinin icrasına başladıqdan sonra ilk xarici səfəri çərçivəsində İraqa səfər edəcək. Bu barədə İranın Bağdaddakı səfiri Məhəmməd Kazım Əl-Sadiq bildirib. Onun sözlərinə görə, Pezeşkian İraqın Baş naziri Məhəmməd əl-Sudaninin rəsmi dəvəti ilə sentyabrın ortalarında Bağdada səfər edəcək. Kazım Əl-Sadiq vurğulayıb ki, bu səfər zamanı İranın əvvəlki Prezidenti İbrahim Rəisinin dövründə əldə edilmiş bəzi razılaşmaların imzalanması gözlənilir. Səfir həmçinin Pezeşkianın səfərinin iki ölkə arasında münasibətlərin inkişafına və dərinləşməsinə töhfə verəcəyinə ümid etdiyini bildirib. Qeyd edək ki, Pezeşkian Azərbaycan və Türkiyə rəhbərliyi tərəfindən də dəvət almışdı. Lakin İranın yeni prezidenti ilk səfərini məhz İraqa reallaşdırmağı qərarlaşdırıb. İran və İraq İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində bir-biri ilə müttəfiq olublar. Ancaq BƏƏS partiyasının hakimiyyətə gəlməsi ilə İraqda vəziyyət dəyişib. İran inqilabından sonra Səddam Hüseyn qonşu ölkənin neft sahələrini ələ keçirmək üçün İrana hücum edib. Müharibə 8 il davam etsə də, tərəflər heç bir üstünlük əldə edə bilməyiblər. 1991-ci ildə Körfəz müharibəsi zamanı İran müharibədə iştirak etməyib, ancaq Səddam Hüseynə qarşı vuruşan şiə fəallarını silahlandırıb. 2003-cü ildə ABŞ rəhbərliyi altında koalisiya qüvvələri İraqa daxil olandan sonra iki ölkə arasında münasibətlər normallaşıb. İran müharibə zamanı İraq hökumətinin müttəfiqi olduğunu bəyan edib. 2008-ci ildə prezident Mahmud Əhmədinejad 1979-cu ildə İran İslam İnqilabından sonra İraqı ziyarət edən ilk dövlət başçısı olub. 2006-2009-cu illərdə İraqın Baş naziri Nuri əl-Maliki İranı bir neçə dəfə rəsmi səfərlə ziyarət edib.
Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan "Sherg.az”a açıqlamasında bildirib ki, İranla bağlı həm bölgədə, həm də dünyada bəzi problemlər var. Ekspertin sözlərinə görə, məzhəb ideologiyasına əsaslanan teokratik bir rejim olaraq İranın İraqdakı dayaqlarını möhkəmlətmək üçün belə səfərlər xarakterik haldır:
"İraqın işğalından sonra İran orada dayaqlarını möhkəmlədib. Hazırkı İraq hökuməti də İranın arzuladığı tələblərə cavab verir. Məqsədlərinə çatmaq üçün ABŞ-nin də razılığı ilə İraqda möhkəmlənməyə çalışırlar. Azərbaycanla münasibətlər isə əvvələ nisbətdə sabitdir və Pezeşkianın dövründə gərginləşəcəyini düşünmürəm. Əslində, İran hökuməti ilk növbədə özünə münasib dövlətlərlə - Suriya, İraq, Yəmən, Livanla görüşlərini, yeni planlarını müzakirə edərək ortaq nəticəyə gəldikdən sonra Türkiyə və Azərbaycanla müəyyən mövzularda münasibətlərini davam etdirə bilər. Çünki İran öz siyasətini və planlarını adıçəkilən ölkələrin iştirakı ilə tərtibləyir".
T.İrfan xatırladıb ki, İranın mərhum Prezidenti İ.Rəisi ilə Azərbaycan dövlət başçısı arasında müəyyən razılaşmalar əldə olunmuşdu:
"Pezeşkianın Azərbaycanla razılaşmalar fonunda əlaqələrin davamiyyətini qoruyacaq. Bu, onun Azərbaycana səfəri şəklində də ola bilər, yaxud xarici işlər nazirlərinin görüşü və digər üsullarla da mümkündür. Türkiyə ilə də Fələstin və digər regional məsələlərin yeni danışıqlar mövzusu olması gözlənilir. Ola bilsin, İraqdan sonra İran prezidenti Türkiyə ilə müəyyən mövzuları müzakirə üçün addımlar atsın. Hazırda İranın ən kritik dövrüdür. İsraillə tam gərginlik ərəfəsindədir və hərbi müdaxilə söhbət mövzusudur. Belə zamanda Pezeşkianın İraqa səfəri mümkün müharibə zamanı İraqın mövqeyinin və dəstəyinin hansı şəkildə olacağını aydınlaşdırmağa hesablanıb. İraqdakı İrana bağlı qüvvələrin mövqeyinin birmənalı olması İraq hökumətinin mövqeyini tam əks etdirməyə bilər. Odur ki, əsasən hökumətin qənaəti önəmlidir. Bu dövrdə İranın Azərbaycan və Türkiyə ilə müsbət münasibətlərə daha çox ehtiyacı var. Ona görə hesab etmək olar ki, region dövlətləri ilə İran münasibətlərini ən azı indiki zamanda gərginləşdirməyəcək".