Parisin Durovu məhz siyasi motivlə həbs etdiyi göz önündədir -Analiz

Avropa İttifaqı səssiz qalmaqdadır
 

 “Əgər demokratiya dəyərlərinə hörmət Qərb tərəfindən meyar kimi müəyyən edilibsə, onda “X” rəhbərliyi də həbs edilməlidir”
 
Teleqramın təsisçisi Pavel Durovun qardaşı Nikolay Durov da Fransada axtarışa verilib. “Politiko” nəşri məlumat yayıb ki, Pavel və Nikolay haqqında həbs qərarı martın 25-də mütəşəkkil dəstənin tərkibində yetkinlik yaşına çatmayanların pornoqrafik görüntülərinin saxlanması, yayılması və ya onlara girişin təmin edilməsində iştirak ittihamı ilə verilib. “Voll Strit Jurnal”ın məlumatına görə, 2017-ci ildə fransız casuslar BƏƏ ilə birlikdə İŞİD-in silahlıları cəlb etmək üçün Teleqramdan istifadə edə biləcəyindən qorxaraq, Pavel Durovun mobil telefonunu sındırmaq istiqamətində əməliyyat keçirib: “2017-ci ildə, Makronla görüşdən bir il əvvəl fransız casuslar Durovu Birləşmiş Ərəb Əmirlikləri ilə birgə əməliyyatda hədəfə aldılar və onun "Ayfon"u sındırıldı”. Nəşrin məlumatına əsasən, casus əməliyyatı “Bənövşəyi musiqi” adı altında keçirilib. Durova yaxın olan mənbənin qəzetə verdiyi məlumata görə, Teleqram illərdir hüquq-mühafizə orqanları tərəfindən verilən çağırış vərəqələrinə və məhkəmə qərarlarına məhəl qoymur.
 
Makron Durovla görüşdə bunu təklif etmişdi
 
2018-ci ildə Fransa Prezidenti Emmanuel Makron Teleqramın həmtəsisçisi Pavel Durova şirkətin baş ofisini Parisə köçürməyi təklif edib. Eyni zamanda Fransa lideri Durovla ona bu ölkənin vətəndaşlığının verilməsini müzakirə edib. Amma Durov şirkətin qərargahını Parisə köçürməkdən imtina edib. Teleqramın yaradıcısı polisə bildirib ki, həbs olunduğu gün Makronla nahar etməli idi. Yelisey sarayı isə bu məlumatı rəsmən təkzib edib: "Həmin axşam prezident Le Tukedə olub".
 
Paris Mask və Zukerberqi də həbs edə bilər
 
İnformasiyaya nəzarət üzrə fransalı ekspert Demiyen Liçça deyib ki, Fransa İlon Mask, Mark Zukerberq və Tiktok rəhbərliyini hələ Pavel Durov həbs olunmamışdan əvvəl saxlamalı idi, çünki onların platformalarında da qanunsuz məzmun var. O, eyni araşdırma meyarlarının digər platformalara da tətbiq ediləcəyi təqdirdə Mask, Zukerberq və Tiktok rəhbərliyinin Fransaya daxil olarkən həbs olacağını vurğulayıb. Liçça qeyd edib ki, Fransa hakimiyyətinin X-ə qarşı daha çox şikayəti olub, nəinki Teleqram sosial şəbəkəsinə.
 
Lukaşenko Durovun həbsinə haqq qazandırdı
 
Belarus Prezidenti Aleksandr Lukaşenko Fransa hakimiyyətini Teleqramın yaradıcısı Pavel Durovu həbs etdiyinə görə qınamadığını bildirib. O, bu barədə Respublika Müəllimlər Şurasında çıxışı zamanı deyib: "Mən onları qınamıram. Onlar düzgün iş görürlər. Əgər günahkarsansa, get, cavab ver. Bəs onlar kimi eyni üsullardan istifadə edərək özümüzü müdafiə etməyə başlayanda niyə bizə qarşı iddialar irəli sürürlər?".
 
Fransa Durovu buna görə həbs etdi - Lavrov
 
Rusiya xarici işlər naziri Sergey Lavrov Pavel Durovun həbsini şərh edərkən deyib ki, Fransa hakimiyyətinin söz azadlığı ilə bağlı mövqeyi də daxil olmaqla, Moskva ilə Paris arasında münasibətlər indi ən aşağı həddə çatıb. Nazir qeyd edib ki, fransızlar şifrələmə kodlarına çıxış əldə etmək üçün Teleqramın yaradıcısını hədələyirlər: "Bütün bunlar messencerin həqiqətən təhlükəsiz platforma olduğunu deməyə əsas verir".
 
Pavel Durovun keçmiş həyat yoldaşı onu məhkəməyə verib
 
Pavel Durov keçmiş həyat yoldaşı İrina Bolqar tərəfindən İsveçrə məhkəməsinə verilib. İrina Bolqar Durovu birgə nikahdan doğulan 2017-ci il təvəllüdlü övladını döyməkdə ittiham edib. Bundan başqa, o, Durovun övladları üçün aylıq 150 min avro alimenti ödəməli olduğunu tələb edib. Bununla yanaşı, İrina Bolqar deyib ki, Teleqramın sahibi artıq iki ildir övladları ilə görüşmür.
 
"Kremlin P.Durovu müdafiə etməsi diqqət çəkir"
 
Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, Pavel Durovun Parisdə Fransa xüsusi xidməti tərəfindən saxlanılması kifayət qədər qarışıq məsələdir. Hadisənin pərdəarxası məqamları var, bunlar diqqət çəkir. Ekspertin sözlərinə görə, Durovun həbsindən sonra Rusiya tərəfi onun müdafiəsinə qalxıb: 

"Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Durova dəstək paylaşımı edib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə deyib ki, Rusiyanın Parisdəki Səfirliyi Fransa Xarici İşlər Nazirliyinə nota göndərərək Pavel Durovla konsulluq əlaqəsi tələb edib. Kremlin P.Durovu müdafiə etməsi diqqət çəkir. O, biznes fəaliyyətinin imkansız olduğunu əsas gətirərək Rusiya vətəndaşlığından imtina edərək 2021-ci ilin fevralında Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlığını, avqustda isə Fransa vətəndaşlığını alıb. Yəni Durov Rusiya vətəndaşı deyil. Rusiyanın Durovu müdafiə etməsi kimi Fransanın onu həbs etməsi də qəribədir. Çünki o, cəmi üç il öncə Fransa vətəndaşlığı alıb. Bundan başqa, Durov Parisə enməyə cəmi bir neçə dəqiqə qalmış barəsində axtarış elan edilib və bundan dərhal sonra həbsinə order verilib. Yəni onun həbsi ani qərarla baş tutub. Durov həm Fransa üçün, həm də Rusiya üçün mühüm şəxsdir. Yəni iki tərəfin də ondan gözləntiləri var. Məsələn, Rusiyanın dövlət strukturlarındakı şəxslər yazışmalarının əksəriyyətini Teleqram üzərindən həyata keçirirlər. Böyük ehtimalla Kremlin narahatlığı bununla bağlıdır. Fransaya gəldikdə isə Paris Durovun sosial şəbəkənin kodlarını kəşfiyyat struktularına təhvil verməsini istəyir".
 
"Bütün hallarda Parisin atdığı bu addım insan hüquqlarına və söz azadlığına zərbədir"
 
Siyasi şərhçinin fikrincə, diqqətçəkən bir detal isə Durovun Bakıdan qayıtdıqdan sonra saxlanılmasıdır:
 "Mövcud Paris-Bakı gərginliyi fonunda bu detal çox mühümdür. Paris ya Durovun Bakıda Azərbaycan rəsmiləri ilə görüşüb nələr müzakirə etdiyini bilmək istəyir, ya da onun Azərbaycana Fransa ilə bağlı məxfi məlumatlar verdiyini düşünür. Bütün hallarda Parisin atdığı bu addım insan hüquqlarına və söz azadlığına zərbədir. Durovun ittiham edildiyi cinayətlərə baxdıqda bunların bir çoxunun Teleqramda baş verdiyini görmək olar. Amma bu yenə də onun həbsini leqallaşdırmır. Yəni terrorizm, narkotik qaçaqmalçılığı, fırıldaqçılıq, çirkli pulların yuyulması, oğurlanmış malların idarə edilməsi kimi məsələlər eynilə “X” platformasında da var. Əgər demokratiya dəyərlərinə hörmət Qərb tərəfindən meyar kimi müəyyən edilibsə, onda “X” rəhbərliyi də həbs edilməlidir. Halbuki Prezident Emmanuel Makron "X"-in rəhbəri İlon Maskı bir neçə dəfə qonaq edib. Yeri gəlmişkən, Mask özü də sosial mediada açıq şəkildə Durovu dəstəkləyib. Bu fakt belə onun özünün də Durovla eyni mahiyyətdə olduğunu sübut edir. Bu həm də Parisin Durovu məhz siyasi motivlə həbs etdiyini göstərir. Digər bir diqqətçəkən məqam isə Avropa İttifaqının üzvü olan Fransanın bu cür represssiv addımlarına ittifaqın səssiz qalmasıdır. Halbuki Azərbaycanda belə hal baş versəydi, artıq bəyanat verməmiş bir Qərb rəsmi dairəsi, institutu qalmazdı".