Üçüncü Dünya müharibəsinin başlamasına, bəlkə də, günlər qalıb
Ukraynanın davamlı hücumları Rusiyanın hava hücumundan müdafiəsini genişləndirərək, Kremli nədən müdafiə olunacağına qərar vermək məcburiyyətində qoyur. ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutunun Rusiya üzrə eksperti Corc Barros hesab edir ki, Rusiya öz hava hücumundan müdafiəsini yalnız Ukraynaya ən yaxın ərazilərdə təşkil edib, arxa bölgələr isə hücuma açıqdır. Bu da ukraynalıların Rusiya hava hücumundan müdafiəsinin birinci xəttini keçməsi üçün kifayət edir, çünki arxa bölgələr lazımi şəkildə qorunmur: “Uzaq mənzilli kamikadze dronların istehsalını artırmaqla yanaşı, Ukrayna Rusiyanın bir çox hava hücumundan müdafiə sistemlərini də məhv edib ki, bu da ruslar üçün problemi artırır. Ekspertlər bildirirlər ki, Ukrayna Rusiyada getdikcə daha çox hədəfləri vurmaqla düşməni özünü tam olaraq harada müdafiə edəcəyi barədə düşünməyə vadar edir. Ukraynanın dezavantajı yalnız ABŞ-nin ukraynalıların Rusiyaya zərbələr endirmək üçün uzaq mənzilli silahlardan istifadə etməsinə mane olmasıdır. Bu, Ukraynaya raket və bomba atan Rusiya təyyarələrini qoruyur”. Rusiya və Ukrayna üzrə britaniyalı ekspert Maykl Klark Ukraynanın Rusiyaya qarşı hücum taktikasını belə təsvir edib: “Əvvəlcə ukraynalılar Rusiyanın hava hücumundan müdafiə şəbəkəsinə hücum edir, sonra isə şəbəkədə yaratdıqları dəliklərdən hava bazalarını və ya dəniz bazalarını vurmaq üçün istifadə edir".
Ukrayna ilk dəfə Rusiyanın Kirov vilayətinə hücum etdi
Ukrayna ordusu Rusiyanın Kirov vilayətindəki neft bazasına hücum edib. Məlumata görə, iki PUA Kotelnıç şəhərindəki “Vyatka” neft məhsulları kombinatına hücum edib. PUA-lardan biri çənin qapağına çırpılıb, digəri isə boş sisternə düşüb. Bildirilib ki, bu, Ukrayna ordusunun müharibədən bəri Kirov vilayətinə ilk hücumudur.
Respiblikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp deyib ki, Ukrayna ordusunun Rusiyanın Kursk vilayətində keçirdiyi hərbi əməliyyatlar Üçüncü Dünya müharibəsinə gətirib çıxara bilər: “Baxın, Ukraynada nə baş verir. Rusiyaya doluşublar. Üçüncü Dünya müharibəsi olacaq”.
Yeni sistemlər Ukrayna F-16-larını qoruya bilməyəcək
Ukraynaya verilən F-16 qırıcılarında quraşdırılan radioelektron mübarizə sistemləri Rusiya hərbçilərinin bütün hücumlarını dəf edə bilməyəcək. “Defense One” portalı məlumat yayıb ki, “Rusiyanın elektron mübarizə sistemləri artıq bir çox yüksək dəqiqlikli ABŞ silahlarını vurub, ona görə də Ukraynanın istifadə etdiyi F-16-larda yenidən proqramlaşdırılmış sistemlər hər təhlükəni dəf edə bilməyəcək”. Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələrinin 350-ci Spektr Müharibə Qanadının xüsusi təyinatlı elektron döyüş bölməsinin mütəxəssisləri Ukraynaya verilən F-16 qırıcılarına yenilənmiş elektron döyüş sistemləri quraşdırıblar.
"Tərəflər arasında dialoq üçün zəmin yoxdur"
Politoloq Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ordusunu Rusiya ərazisindən çıxara bilmir. Onun sözlərinə görə, Rusiya bunun əvəzinə Ukraynanın şərqində işğalı genişləndirib, həm də Ukraynanın şəhər və qəsəbələrini intensiv şəkildə raket atəşinə tutub:
"Putin eyni zamanda Kiyevlə danışıqlara da hazır olduğunu bildirib. Ukrayna Prezidenti V.Zelenski Putinlə danışığın əhəmiyyətsiz olduğu qənaətindədir. Tərəflər arasında dialoq üçün zəmin yoxdur. Bu arada Vladimir Putin Hindistanın Baş naziri Narendra Modi ilə telefonla danışıb. Modi Kiyevə səfərinin nəticələri barədə Putini məlumatlandırıb. Bu, Ukraynanın müstəqilliyi tarixində Hindistan baş nazirinin Kiyevə ilk səfəri idi. Dehli Ukrayna mövzusunun Vaşinqton üçün xüsusi əhəmiyyət kəsb etdiyini anlayır. Bu səbəbdən Dehli Kiyevlə dialoqu genişləndirib. Modinin Kiyevə səfərindən başqa Hindistan Xarici İşlər Nazirliyinin katibi Pavan Kapur Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermakla görüşüb. Buna görə də həm Modinin Kiyevə səfəri, həm də Hindistanla Ukrayna arasında genişlənən dialoq Kremlin diqqətini çəkib. Putin Modi ilə telefon danışığında Qərbi tənqid edib. Narendra Modi Putindən bir gün əvvəl ABŞ Prezidenti Cozef Baydenlə də telefonla danışıb, Ağ Ev sahibi ilə Ukraynaya səfərinin yekunları barədə fikir mübadiləsi aparmışdı".
"Rusiya öz hərbi-sənaye kompleksini inkişaf etdirmək üçün yeni texnologiyalara sahib deyil"
Analitik vurğulayıb ki, Hindistanın müdafiə naziri Rajnath Singh Pentaqonda görüşlər keçirərək amerikalı həmkarı Lloyd Ostinlə hərbi əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıblar:
"Nazirlər yarımkeçiricilər sahəsində əməkdaşlıq imkanlarını, süni intellekt və birgə elmi tədqiqatları müzakirə ediblər. Bundan başqa, Hindistan “Tejas Mark 1A” reaktiv təyyarələri üçün ABŞ-nin “General Electric” şirkətinin F404 mühərriklərinin istehsalını nəzərdən keçirir. Göründüyü kimi, Dehlinin Moskva ilə müxtəlif sahələrdə əməkdaşlığına baxmayaraq, Hindistan hökuməti hərbi sahədə ABŞ ilə əməkdaşlığın genişləndirilməsinə üstünlük verib. Çünki Rusiya öz hərbi-sənaye kompleksini inkişaf etdirmək üçün yeni texnologiyalara sahib deyil. Bu olmadan isə dünya bazarlarında Rusiyanın hərbi texnikasına maraq azalacaq".